Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında ceyran növlərinin tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi xüsusi yer tutur.
Ekologiya.az xəbər verir ki, bu məqsədlə 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İDEA İctimai Birliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində cari ilin noyabr ayında Şirvan Milli Parkından götürülən daha 5 baş ceyran Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölünə və 8 baş ceyran isə Samux rayonu ərazisində təbiətə buraxılıb.
2024-cü ilin hazırki dövrünədək ümumilikdə 388 baş ceyranın respublikanın müxtəlif ərazilərinə reintroduksiyası həyata keçirilib. Bu tədbirlər nəticəsində regionda davamlı ceyran populyasiyasının formalaşmasına nail olunur.