AZ

BDU-da ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, dosent Əfqan Talıbov və həmin kafedranın müəllimi İrina Verpatovanın həmmüəllifliyi ilə hazırlanmış dərs vəsaiti fakültədə, eləcə də digər ali təhsil müəssisələrində “Ekoloji kartoqrafiya” fənninin tədris olunduğu müvafiq ixtisaslarda tədris keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların tədris dilində müvafiq proqram üzrə hazırlanmış vəsaitlə təmin olunması məqsədini daşıyır.
 
Kitab ümumilikdə beş fəsildən və fənnin proqramına uyğun formalaşdırılmış otuz mövzudan ibarətdir. Dərs vəsaitində ekoloji kartoqrafiyanın mahiyyəti, ekoloji şəraitin tədqiq edilmə metodları, ekoloji xəritələrin riyazi və coğrafi əsası, onların tərtibində aerokosmik materiallardan istifadə kimi mühüm mövzular ətraflı təsvir olunub, əlavə və dəstəkləyici şəkil, cədvəl və s. materiallarla yanaşı, mövzular üzrə əldə olunmuş nəzəri biliklərin yoxlanılması üçün suallar və praktiki tapşırıqlar verilib. Bununla yanaşı, kitabda ekoloji kartoqrafiyada istifadə olunan 300-dən çox termin izahı lüğət şəklində təqdim olunub.
 
“Ekoloji kartoqrafiya” dərs vəsaitinin elmi redaktoru Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, rəyçiləri isə dosentlər Ramiz Əhlimanov və Şamil Əzizovdur.
 
Qeyd edək ki, “Ekoloji kartoqrafiya” bu məzmunda Azərbaycan dilində nəşr olunmuş ilk dərs vəsaitidir.
 
Seçilən
6
moderator.az

1Mənbələr