AZ

Xalqımızın üz tutduğu ən etibarlı ünvan Yeni Azərbaycan Partiyasıdır!

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Dahi rəhbər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyasının əsas xətti ölkəmizin, xalqımızın sabahının, dövlətimizin gələcəyinin parlaq olması idi.Vaxt keçdikcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin zamanında verdiyi qərarların əhəmiyyətini, böyüklüyünü daha aydın görürük.

Böyük şəxsiyyət Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə olan inam və etimad elə ilk gündən xalqda Yeni Azərbaycan Partiyasına inamı formalaşdırdı. Həmin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə Azərbaycanın bütün şəhər və rayonlarında Ulu Öndərin xeyir-duası ilə yaradılan partiyanın təşkilatlanması prosesi başladı. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq soydaşlarımız qadağaları, çətinlikləri göz önünə alaraq partiya sıralarına daxil oldular. Hər kəsi yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək.

Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edirdi: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Mövcud olduğu 32 il ərzində Yeni Azərbaycan Partiyası ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Ulu Öndərin Böyük Azərbaycanlı kimi xalqımızın firavan gələcəyi üçün qəbul etdiyi qərarların çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri danılmazdır.

Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirdi. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiya daim siyasi proseslərin önündə oldu, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi.

Yeni Azərbaycan Partiyasının hər bir qurultayında qəbul edilən qərarlar yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edib. Xalqın inandığı, güvəndiyi partiyanın əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz qazanılan nailiyyətlər, xalqın etimadını qazanması Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub, dünənin, bu günün və gələcəyin partiyasına çevrib.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndərin layiqli varisi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru əzmlə irəliləyir, ölkəmizin sosial-iqtisadi yüksəlişinin davamlılığının təmin olunmasına, milli həmrəyliyin, beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsinə, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsinə davamlı töhfələr verir. Məhz, bu uğurlara, nailiyyətlərə görə xalqımızın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan Yeni Azərbaycan Partiyasıdır!

Seçilən
19
2
yeniazerbaycan.com

3Mənbələr