Baltik dənizində dənizaltı kabellərin zədələnməsində şübhəli bilinən Çin yük gəmisi "Yi Peng 3"ün kapitanı Rusiya vətəndaşıdır.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Hadisə ilə bağlı ilkin versiyalara əsasən, kabellərin zədələnməsi suya endirilmiş lövbər və ya dəniz dibində istifadə olunan traul vasitəsilə baş verə bilər.
Çin gəmisi qeyri-adi marşrutları ilə diqqət çəkib və bu səbəbdən Danimarka Hərbi Dəniz Qüvvələrinin iki gəmisi onu izləməyə başlayıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Danimarka hərbçiləri Yi Peng 3 gəmisini saxlayıblar. Araşdırma zamanı məlum olub ki, gəminin kapitanı Rusiya vətəndaşıdır.
Hazırda hadisə ilə bağlı təhqiqat davam edir, beynəlxalq mütəxəssislər zədələnmiş kabellərin təsirlərini araşdırırlar. Baltik dənizində kabel infrastrukturu, regionun telekommunikasiya və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığı üçün bu məsələ böyük rezonansa səbəb olub.