Beynəlxalq təşkilatlar Azərbaycana çağırış edirlər
Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil” mövzusunda debatlar keçirilib.
Tədbiri "Human Rights Watch”, "Amnesty International” və bir sıra digər beynəlxalq hüquq-müdafiə strukturları təşkil ediblər.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən "Demokratik monitor” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov da iştirak edib.
Həsənov "Turan”a deyib ki, tədbirdə Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti müzakirə olunub.
"Çıxışların leytmotivi ondan ibarət idi ki, vətəndaş cəmiyyəti üçün məkanın məhdudlaşdırılması şəraitində iqlim dəyişikliyi problemilə bağlı sərbəst müzakirələr aparıla bilməz”, – deyə o bildirib.
Həsənovun sözlərinə görə, tədbirdə Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi vurğulanıb.
"Xaricdən gələn istənilən maliyyə yardımı qaçaqmalçılıq kimi qiymətləndirilir”
Görüş zamanı Azərbaycanda siyasi məhbus probleminin olduğu da xüsusi qeyd edilib.
Müzakirəyə Almaniyadan onlayn qoşulan "AbzasMedia” nəşrinin redaktoru Leyla Mustafayeva öz həmkarlarından, bu nəşrin məhz qaçaqmalçılıq ittihamı ilə həbs olunan jurnalistlərindən danışıb.
Tədbirdə bildirilib ki, ölkədə qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər, onlar Azərbaycanda işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyə əldə edə bilmirlər, xaricdən gələn istənilən maliyyə yardımı isə qaçaqmalçılıq kimi qiymətləndirilir.
Hazırda Azərbaycanda III Respublika Platformasının, Demokratik Təşəbbüslər İnstitutunun rəhbərliyi, onun nəzdində fəaliyyət göstərən "Toplum TV” internet kanalının əməkdaşları, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, "meclis.info” saytının, həmçinin korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” saytının əməkdaşları qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
Bundan başqa, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçilərinin, siyasi fəalların, ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, eyni zamanda, dini inanclı şəxslərin siyasi motivlərlə həbs edildiyi bildirilib.
Hazırda Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayının 300-ü ötdüyü vurğulanıb.
Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.
"Hesab edirəm ki, bu çağırışlar davam etməlidir”
"Müdafiə Xətti” insan hüquqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, tədbirdə iştirak edə bilməyib, səbəb isə müraciət etməsinə baxmayaraq, COP29-a buraxılmamasıdır.
Hüquq müdafiəçisi deyir ki, Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələnin diqqətdə saxlanılması olduqca vacibdir və onların azadlığa buraxılması ilə bağlı çağırışlar davam etməlidir: "Hesab edirəm ki, bu çağırışlar davam etməlidir. Çünki Azərbaycanda son illər siyasi motivlərlə həbslər kəskin artıb və ölkədə COP29-un keçirilməsinə baxmayaraq, siyasi basqılar hər gün müşahidə olunur. Həbsxana və təcridxanadan hər gün məhbuslara təzyiqlərlə bağlı gələn xəbərlər vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Ona görə də beynəlxalq təşkilatların bu problemləri diqqətdə saxlaması, bununla bağlı müəyyən addımlar atması olduqca vacibdir”.
Rüfət Səfərov deyir ki, Azərbaycan hökuməti də siyasi məhbuslarla bağlı beynəlxalq çağırışları gözardı etməməli, onların azadlığa buraxılması üçün əməli addımlar atmalıdır.