AZ

ŞOK! Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...

Xəbər verdiyimiz kimi, İstanbul Cumhuriyyət Prokurorluğu ötən həftə Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, teleaparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Türkiyədə qanunsuz mərc oyunlarına görə məşhur simaların saxlanılması Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər. 

Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır:

“Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür. 
Elə bunun sübutu kimi bir müddət əvvəl  Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb. Qeyd edilən əməliyyat barədə ictimaiyyətə geniş məlumat təqdim edilib. 

Bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.

Seçilən
22
9
sitat.info

10Mənbələr