AZ

Bitkoin yenidən rekord qırdı: ABŞ seçkiləri və geosiyasi təsirlər qiymət artımına səbəb oldu – Ekspertlər açıqladı

Son dövrlərdə kriptovalyutalar arasında ən çox diqqət çəkən valyutalardan biri olan Bitkoin, qiymətindəki kəskin artım ilə yenidən tarix yazdı. Bitkoinin qiyməti 93,9 min dollarla yenidən tarixi maksimuma çatdı. Bitkoinin qiyməti 93,9 min dollarla bütün zamanların ən yüksək səviyyəsinə yüksəldikdən sonra qısa müddət ərzində 92,2 min dollara düşüb. Bu dəyişiklik kriptovalyuta bazarında böyük maraq doğurub.
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Elşən Bağırzadə deyib ki, Bitkoinin qiymətinin artmasında bir neçə amil rol oynayır:
 
“Xüsusilə, ABŞ-də prezident seçkisinin nəticələri Bitkoin bazarına təsir edib. Seçkilərin nəticələrindən sonra Bitkoinin qiyməti kəskin şəkildə bahalaşmağa başlayıb. Ən çox diqqət çəkən amil isə Donald Trampın kriptovalyutalarla bağlı müsbət yanaşmasıdır. Trampın kriptovalyutaları dəstəkləməsi və bu sahəyə investisiya qoymağı planlaşdıran şirkətlərinin olması, bazarda gələcəyə dair müsbət gözləntilər yaratmağa səbəb olub.
Bundan başqa, Ukrayna-Rusiya müharibəsinin gərginləşməsi və geosiyasi vəziyyətin qeyri-müəyyənliyi, alternativ ödəmə vasitələrinə marağı artırıb. Kriptovalyutalar, xüsusilə Bitkoin, bu cür dövrlərdə daha çox diqqət çəkir. Müharibə vəziyyətində insanlar ənənəvi maliyyə sistemlərindən uzaqlaşaraq, daha etibarlı və beynəlxalq müstəvidə fəaliyyət göstərə bilən ödəmə vasitələrinə üstünlük verirlər. Son aylarda Bitkoinin qiymətinin sürətli artması, bazarda çoxsaylı müsbət gözləntilər yaradıb. ABŞ-ın dövlət başçısının bu sahəyə verdiyi dəstək və kriptovalyuta ekosisteminin inkişafına dair planlar, gələcəkdə bu bazarın daha da böyüyəcəyinə işarə edir. Bütün bunlar, investorları ümidləndirir və nəticədə Bitkoinin qiymətinin artmasına səbəb olur.
Kriptovalyutaların ekosistemi və müsbət istiqamətə doğru gedən inkişafı, uzunmüddətli dövrdə bu bazarın daha dayanıqlı və gəlirli olacağına inam yaradır. Lakin, təkcə ABŞ-dakı siyasi hadisələr deyil, həmçinin qlobal iqtisadi və geosiyasi faktorlar da qiymət dalğalanmalarına səbəb ola bilər”.
 
 
Kriptovalyutalar üzrə araşdırmaçı, blokçeyn startapçısı, ATC Launchpad/ ATCP kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli bildirir ki, hər 4 ildən bir Bitkoində halving deyilən bölünmə olur:
 
“Ötən ilin payızından hər kəs bunu gözləyirdi. Eyni zamanda ABŞ- da Bitcoin və Ethereum ETF- lərinin də qəbulu fonunda bütün dünyanın diqqəti yenidən kriptolara cəmləşdi. Məlum, Rusiya- Ukrayna savaşı bazara çox mənfi təsir göstərmiş və ciddi düşüşlərə səbəb olmuşdu. Bu ilin aprelində olan halvingdən sonra hər kəs - buğa, yəni yüksəliş sezonunu gözləyirdi. Halving blockchain texnologiyasında onun emal gününün aşağı düşməsidir. Bitkoində hər 4 ildən bir iki qat çətinləşmə olur. Bu da yüksəlişə səbəb olur. Trampı hər kəs kriptovalyuta dəstəkçisi olan biznesmen kimi tanıyır. Onun yenidən namizəd olması, “Dogecoin” sahibi İlon Maskın isə öz “X” şəbəkəsində Trampı dəstəkləməsi yenidən bütün dünyanın diqqətini kriptovalyutalara fokuslandırdı. Tramp- Mask cütlüyünün seçkilərdə qalibiyyəti və vədlərinə görə verdikləri qərarlar isə Bitcoin və Dogecoin-in ciddi yüksəlişinə gətirib çıxardı. Son günlər “Bitcoin” 94 min dollara qədər yüksəlib, “Dogecoin” isə 40 cent olmaqla təxminən 4 qat dəyərlənib. Hər dəfə onların verdikləri qərarlar ilə bağlı qlobal mediada xəbər çıxdıqda yüksəliş hiss edirik. Hazırda, bazar düzəltmə edir, yəni çox yüksəldiyi üçün özünü toparlayır,yəni likvidasiya yığır”.
 
 Ekspert qeyd edir ki,  Bitkoin yaxın zamanda 100 min dolları görəcək:
 
 “Uzun zamandır davam edən ayı sezonunun bitməsi trendin yuxarı olduğunu göstərir. Təbii ki, dünya yenidən nüvə müharibəsi təhdidi ilə qarşılaşmasa bahar sezonu gələn ilin sonlarına qədər fasilələrlə, düzəltmələrlə davam edəcək. Hazırda, Bitkoin dominatlığı çox yüksəkdir. 3,1 trilyonluq sektorda Bitkoinin bazar payı 67%- dən 59,4 düşsə də, hələ də çox yuxarılardadır. Düşünürəm ki, Bitkoin 100 min dolları gördükdən sonra pul kütləsi tədricən altcoinlərə doğru axacaq. İnsanlar bəzən yatırım edərkən yalnışlıqlara yol verirlər. Düşünürlər ki, hər düşən kripto altcoin rally-sində mütləq qalxacaq, əvvəlki yerinə gələcək. Yox, sadəcə major coinlər haqda bunu demək olar: “Ethereum”, “Binance”, “Solana”. Ən çox yüksələnlər isə mövsümə tam hazır olan yenilər olacaq. Məsələn, ötən buğa sezonunda “Metaverse” gündəm idi, “Mana”, “Sand” kimi kriptolar öz yüksəlişləri ilə ciddi səs- küy yarada bilmişdi. Ondan əvvəlki buğa sezonunda böyük uğurlara imza atan “Zchash”, “Monero” kimi gizli blockchain kriptoları ötən buğada demək olar ki, unuduldular. Düşünürəm ki, bu dəfə də elə olacaq. Bütün dünyanın  gündəmi süni intellekdir. Əsl süni intellekt layihələri hansı ki, marketinqə tam hazırdılar, onlar bazarı ələ alacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
24
50
moderator.az

10Mənbələr