“Bu bizim millimizdir, biz də azarkeş olaraq komandamıza dəstək olmalıyıq”.
Bunu İdman.biz-ə Əməkdar artist Elton Hüseynəliyev deyib.
Sənətçi Millətlər Liqası çərçivəsində keçirilən İsveç – Azərbaycan oyunu ilə bağlı fikirlərini açıqlayıb. Futbol azarkeşi olan Hüseynəliyev bildirib ki, millimizin İsveçə 0:6 hesabı ilə uduzması məyusedicidir: “Bu uğursuzluq neçə oyundur ki, davam edir. Komandamız bu mərhələdə 3 qol vurub, 17 top buraxıb. Hər işdə ağır zolaq dövrü olur, yəqin millimiz də hazırda bunu yaşayır. Yığmamıza bir az vaxt lazımdır. Hər şey daxili çempionatdan asılıdır, klublarımız güclənməlidir. Üstəlik, bizim çox az sayda futbolçumuz xaricdə oynayır. Bu isə millimizə təsir göstərir. Bununla bərabər, uşaq futbolu güclənməli, komandamıza legionerlər cəlb olunmalıdır”.
Onun sözlərinə görə, müxtəlif yaş kateqoriyalarına baxdıqda futbolçularımızın oyununda inkişaf görür: “Bu inkişafın başında “Qarabağ” klubu dayanır. Millimizin formalaşması üçün yeni nəslin daha da inkişaf etməsinə və xaricdə top qovmasına ehtiyac var. Bu da zaman tələb edir. Vaxt gələcək ki, məğlub olduğumuz komandanın qapısına 4-5 qol vuracağıq”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında 6 oyunda cəmi 1 xal qazanıb.
Aytac Sahəd
İdman.biz