AZ

"Ağdama ağdamlılığı qaytara bilsək, onda..."- Əməkdar artist 

"Biz köhnə Qarabağı, Ağdamı qaytarmaq üçün köhnə adətləri ora aparmalıyıq. Köhnə Ağdam bir də qayıtmayacaq. Çünki o daha da yaxşı qurulacaq".

Bus sözləri Redaktor.az-a Əməkdar artist Azad Şükürov Ağdam Şəhər Günü ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, düşmən bütün azərbaycanlılardan, türklərdən olan heyfini Ağdamdan alıb.

"Son vaxtlar məni narahat eləyən bir məsələ var. Bəzi insanlar deyir ki, o Ağdam bir də olmayacaq, əvəzinə yeni bir şəhər olacaq. Bəli, yeni bir Ağdam olacaq. Neyləyək ki, taleh belə gətirdi. Bizim şəhərimiz yerlə-yeksan edildi. Əgər biz istəyiriksə ki, köhnə Ağdam olsun, onda o təzə Ağdamın içində öz adət və ənənələrimizi saxlamalıyıq. Bizim Qarabağın, xüsusən Ağdamın özünəməxsus folklor nümunələri, toy adətləri, yas adətləri, dostluq adəti vardı, biz o adətləri qaytarmalıyıq. Əgər etibarlı ağdamlıların münasibətini, bir sözə görə can qurban eləməyə hazır olan adamların xasiyyətini ora qaytara bilsək, onda biz həmin Ağdamı qaytarmış olacağıq. Əks halda o, müğənnilik, muğam, teatr, mədəniyyət, instrumental ifaçılıq məktəbini ora qaytara bilməsək, onda bizim heç bir qəpik qiymətimiz olmayacaq. Yox, biz onu bacarsaq, onda başqa forma olsa da, məzmun həmin Ağdam məzmunu olacaq. Mən istəyirəm ki, biz Ağdama, onun məzmununu qaytara bilək. Həmin formanı qaytarmaq mümkün deyil. Burada havayı danışıb, sinə cırıb, yaxa dağıdıb, hay-küy salmağın mənası yoxdur. Reallıqla barışmaq lazımdır. Bizim şəhərimizi yerlə-yeksan ediblər.  Kəndimizin mənim evim olan hissəsini şumlayıblar. Düşmən bütün azərbaycanlılardan, bütün türklərdən olan heyfini Ağdamdan alıb. Bu mənada təzədən o Ağdamı olduğu kimi dala qaytarmaq mümkün olmayacaq".

Əməkdar artist Ağdam Şəhər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.

"Ali baş Komandan, ölkə başçısı bunu görüb, baxıb, qərar verib ki, daha gözəl, daha əzəmətli, daha yaraşıqlı bir Ağdam tikilsin. İndi biz ağdamlıların borcu ondan ibarətdir ki, dövlətimizin, hökumətimizin bizə olan bu diqqəti qarşısında o ağdamlılığı, mərdi-mərdanəliyi, poetik nümunələri ora qaytara bilək. Mən çox tez-tez gedirəm, görürəm orda nələr tikilir. Çünki mənim aldığım məlumata görə, 2025-ci  ildə artıq Ağdama da köç başlayacaq. Manelərə, bütün məhrumiyyətlərə baxmayaraq, biz Ağdamın adətini, ənənəsini Ağdamın kultunun, mədəniyyətini dəqiq desəm, ağdamlılığı ora qaytara bilsək, Ağdam elə həmin Ağdam olacaq. Mən bütün ağdamlıları təbrik edirəm, gözləri aydın olsun". 

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
23
redaktor.az

1Mənbələr