AZ

Nəzarət olunan xarici müəssisələr üzrə maliyyə sanksiyası 6 min manata qaldırılır

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Fins.az-ın xəbərinə görə, təklif edilən dəyişiklikdə, vergi ödəyiciləri "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulan sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etmədikdə və ya təqdim edilən məlumatlar düzgün olmadıqda, vergi orqanının rəhbərinin və ya onun müavininin qərarına əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Hal-hazırda Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, bu cür pozuntular üçün 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilirdi.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə görə, vergi ödəyicisi "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulan sənədləri vergi orqanının tələbi ilə təqdim etməlidir. Təcrübə göstərir ki, vergi ödəyiciləri yalnız sənədlərlə deyil, bəzi məlumatlarla da təmin edirlər və buna görə də Vergi Məcəlləsində bu məsələyə dəqiqləşdirici dəyişiklik edilir.

İƏİT-in müvafiq tövsiyələrinə əsasən, bu dəyişikliklər vergi əməletmə səviyyəsinin artırılması məqsədini güdür və beynəlxalq təcrübəyə uyğun olaraq transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi halında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutur.

Bu qanun 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Fuad Mədətov
Fins.az

Seçilən
23
38
fins.az

10Mənbələr