AZ

Eder Militao əməliyyat edildi

“Real”ın braziliyalı mərkəz müdafiəçisi Eder Militao dizin çarpaz bağ zədəsindən sonra uğurla cərrahi əməliyyat edilib.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.

Hazırda Militao bərpa mərhələsinə hazırlaşır.

Xatırladaq ki, braziliyalı müdafiəçi noyabrın 9-da İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) zədələnmişdi.

Vurğulayaq ki, müvafiq zədə ilə Militao ikinci dəfə üzləşib. Braziliyalı müdafiəçi ilk dəfə 2023-cü ilin avqustunda sol dizindəki çarpaz bağın yırtılması səbəbindən 7 ay yaşıl meydanlardan kənarda qalmışdı.

Eder Militao “San Paulo”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.

Cari mövsümdə Militao “Real” üçün 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 172 oyun, 12 qol, 6 məhsuldar ötürmə.

Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.

Eder Militao “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 35 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
arena.az

1Mənbələr