Əvvəlki onilliklərdə Naxçıvan MR-in büdcəsi Vasif Talıbov komandası tərəfindən talan edilib
Prezident İlham Əliyev "2024-cü il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bu il "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.
Bəziləri bu qərarın səbəblərini axtarır, Naxçıvan Muxtar Respublikasına qayğı ilə yanaşaraq düşünür ki, blokadada olan bir bölgəyə ayrılan vəsaitin kəskin azaldilması ədalətli deyil. Amma son 20 ildə Naxçivanda formalaşan oliqarx məmurların sayına, onların Bakıdakı obyektlərinə diqqət yetirəndə hamıya məlum olacaq ki, onilliklər ərzində Naxçıvan Muxtar Respublikasına ayrılan dövlət dotasiyası və digər maliyyə vəsaitləri hara xərclənib.
Belə ki, Vasif Talıbov dönəmində Azərbaycan Respublikasının dövlət büdcəsindən Muxtar Respublikaya ayrılan vəsait amansızcasına talanıb. Muxtəlif illərdə mərkəzi büdcədən hər il Naxçıvana ayrılan 250-300 milyon manat vəsait abadliq-tikinti adı altında talan edilib. Bunu Vasif Talıbov öz ətrafında qurduğu cinayətkar şəbəkə vasitəsilə həyata keçirib. Həmin şəbəkənin hər bir üzvü artıq iş adamlarına, biznesmenlərə və oliqarxlara çevrilib. Talıbov Naxçıvanda respublikanın iqtisadiyyatını inkişaf etdirmək əvəzinə, ayrılan vəsaitlər hesabına onlarla oliqarx yetişdirib. Həmin oliqarxlar artıq yalnız Naxçıvanda deyil, Bakıda da fabrikləri, zavodları, şadliq sarayları, restoranları, dəbdəbəli villaları, dünyanın brend avtomobillərindən təşkil edilmiş avtomobil parkları ilə fəxr edirlər. Vaxtaşıri olaraq Naxçıvan oliqarxlarının gülbalaları bu varidatı sosial şəbəkələrdə paylaşmaqla qürur duyurlar. Niyə də duymasınlar ki, atalarının oğurladığı milyonlar onlara xoşbəxt və dəbdəbəli həyat bəxş edib, görmədikləri günlərə düşüblər.
Biz həmin iş adamlarınin, biznesmən və oliqarxların siyahısını da dərc edə bilərdik. Amma bu gün mövzu o deyil. Bugünkü yazıda söhbət ondan gedir ki, onilliklər ərzində Naxçivanın dircəldilməsi, ayaqda saxlanması üçün dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait korrupsiyaya uğradılaraq, müxtəlif sxemlər vasitəsilə mənimsənilib. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin hər il üzrə icrasına diqqət yetirdikdə görürük ki, hər il büdcənin 40-50 faiz vəsaiti sonuncu rubdə xərclənib. Bu onu göstərir ki, rəhbərlik növbəti ildə dövlət büdcəsindən daha çox vəsait almaq üçün yerli büdcədə artiq (profisid) vəsait qalmasın deyə onu ilin son aylarında tələm-tələsik, yerli-yersiz müxtəlif layihələrin icrası adı ilə mənimsəyib. On-on beş il əvvəl Naxçivanda həyata keçirilən bir layihənin təsdiqlənmis surətini gördum. İnanın, layihə elə təkəm-tələsik hazirlanmışdı ki, hətta layihənin məbləği belə sonda sözlə yazılmamışdı.
Digər tərəfdən, hər il Naxçıvana mərkəzi büdcədən ayrılan vəsaitin 70-80 faizi guya abadlıq işinə sərf edilib. Halbuki, bu vəsait Naxçıvanın iqtisadiyyatının inkişafı, əhalinin rifahının yaxşılaşdırılması üçün ayrılirdı. Onlar isə bu vəsaiti abadlıq adi altında mənimsəyirdi. Tutaq ki, ötən il təmir edilmiş yola iki sm qalınlığında asfalt döşənir. Sənəddə isə göstərilib ki, yola 15-20 sm qalınlığında asfalt döşənib, hansısa bir hasarı rəngləyərək, sənəddə göstəriblər ki, filan ərazidəki hasar uçduğuna görə sökülub, yenidən tikilib. Halbuki, o yalnız rənglənib. Bu cur "abadliq-quruculuq" işləri ilə Vasif Talıbov və onun ətrafı Azərbaycan dövlət büdcəsindən respublikaya ayrilan vəsatiləri talan edib. Ona görə də Talıbovun tələbləri ilə ayrılan vəsaitlər ildən-ilə şişirdilərək yüksək məbləğlərə çatdırılmışdı. Əslində bu illər ərzində ayrilan vəsaitlər Naxçıvanın iqtisadiyyatının inkişafına yönəldilsəydi, artıq indi muxtar respublikanın mərkəzi büdcədən əlavə vəsaitə ehtiyacı qalmazdı.
Muxtar Respublikanın indiki rəhbərliyinin hesablamalarına görə isə, məlum olur ki, Naxçıvanın yaşaması, inkişafı və idarə edilməsi üçün hec də o qədər vəsaitə ehtiyacı yoxdur. Məhz Naxçıvanda illik xərclərin optimallaşdırılması nəticəsində bu qərar qəbul edilib. Əlbəttə, daha çox vəsaitə ehtiyac duyulacaqdısa, daha çox ayrila bilərdi. Bunun üçün dövlət büdcəsinin kifayət qədər imkanlari mövcuddur.
Akif NƏSİRLİ