AZ

4 ildə Ağdama xaricdən yüzlərlə insan gəldi, sonra isə...

Image

Şakir Ağayev: “Dünya birliyindən hər hansı bir dəstək, reaksiya görə bilməmişik” 

Ağdam rayonunun işğalda olan hissəsi 2020-ci ilin 20 noyabrında üçtərəfli bəyanata uyğun olaraq bir güllə atılmadan Azərbaycana qaytarıldı. 

4 ildir ki, Ağdam azadlığına qovuşub. İşğaldan azad edildiyi gündən indiyə qədər Ağdama xaricdən müxtəlif sferalarda təmsil olunan onlarla rəsmi və qeyri-rəsmi şəxs, həmçinin diplomatik korpus nümayəndələri, səyyahlar gedib, erməni vandalizminin ən ağrılı mənzərəsinin şahidi olublar. Ağdam tamamilə dağıdılan şəhərlərimizindəndir ki, burada bir dənə də olsun salamat bina, tikili qalmayıb, sözün həqiqi mənasında xarabazara çevrilib.

4 ildə, azad olunandan indiyə qədər ermənilərin Ağdamın başına gətirdiyi misilsiz fəlakətlə əlaqədar dünya birliyindən nə formada dəstək, nə formada reaksiyalar gördük? Dünya ictimaiyyəti, diplomatik dairələr, dünya dövlətləri ermənilərin Ağdamda törətdiyi cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsində nə kimi rol oynaya bildi? Yaxud onların bu məsələdə, yəni Ağdamda ermənilərin törətdiyi cinayət əməllərinə beynəlxalq hüquqi qiymət verilməsində nə kimi rolları ola bilər?

Gəlib-gedənlərin heç biri şahidi olduqları bu dəhşətlər barədə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmadı”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, 20 noyabr Ağdam Şəhər Günüdür və bu günün tarixi mənası çox böyükdür. “Çox təəssüflər olsun ki, bu dörd ildə dünya ictimaiyyəti, diplomatik dairələr, dünya dövlətləri ermənilərin Ağdamda törətiyi vəhşiliklər, vandalizm aktları, cinayətlər barədə heç bir real addım atmayıblar. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, çox təəssüflər olsun ki, bu məsələyə reaksiya verməyiblər. Əvvəlki dövr deyil ki, “onlar Ağdama gedə bilmirlər” deyək. Son dörd ildə Azərbaycan dövləti xaricdən gələn qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici ölkələrin diplomatik korpuslarının təmsilçilərinin azad ərazilərimizə səfərlərini təşkil edir ki, onlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb qiymət versinlər. Amma çox təəssüf, ermənilərin Ağdamda törətdiyi misilsiz cinayətlərin ifşa olunması istiqamətində hələ ki, dünya birliyindən hər hansı bir dəstək, reaksiya görə bilməmişik.

Ağdamı əbəs yerə Cənubi Qafqazın  Xirosiması adlandırmırlar. Ağdam o vəziyyətə salınıb ki,  doğrudan da Xirosimadır”. 

Ş.Ağayevin sözlərinə görə, Ağdam keçmiş SSRİ dövrünün ən inkişaf etmiş şəhərlərindən biri idi, burada sənaye yüksək səviyyədə inkişaf etmişdi, çoxlu sayda mədəniyyət ocaqları, abidələr və sairlər vardı. “Çox təəssüflər olsun, ermənilər Ağdamı Xirosimanın gününə saldılar, atom bombasız, nüvə silahsız yerlə yeksan etdilər, bu şəhər darmadağın edilib. Mən bir ağdamlı kimi Ağdamın necə bir şəhər olduğunu çox yaxşı bilirəm. Ermənilər SSRİ səviyyəsində olan 12-dən çox sənaye müəssisəsini, şərab, şampan zavodlarını, mədəniyyət ocaqlarını, məscidləri  və başqa tikililəri yerlə yeksan ediblər, hətta insanların evlərinin bünörəsinə qədər dağıdıblar. Ağdamda insanlığa sığmayan cinayətlər törədiblər. Ağdamın Qarağacı (Qarahacı)   qəbristanlığını dağıdıblar, qəbir daşlarını çıxarıblar, hətta məzarları söküb insan sümüklərini götürüblər. Bütün bu vəhşilikləri dünya ictimaiyyəti görüb. Amma çox təəssüflər olsun ki, bugünə qədər buna heç bir reaksiya, heç bir qiymət verməyib”. 

Ş.Ağayev qeyd etdi ki, ermənilər Ağdamı tamamilə dağıtdıqları üçün ora o vaxt beynəlxalq qurumların nümayəndələrini, kütləvi informasiya vasitələrinin təmsilçilərini buraxmırdılar, amma Ağdam azad olunandan sonra Azərbaycan dövləti dəfələrlə xarici KİV-lərin, diplomatların, xarici nümayəndələrin, səyyahların ora səfələrini təşkil edib, onlardan isə hər hansı bir reaksiya yoxdur.  “Gəlib-gedənlərin heç biri şahidi olduqları bu dəhşətlər barədə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmadı. Təəssüflər olsun ki, burada da ikili standartlar özünü göstərir. Azərbaycan ərazilərini, Azərbaycan abidələrini yalandan ermənilərin adına çıxıb müdafiə edən bəzi böyük Qərb dövlətləri, beynəlxalq təşkilatlar, beynəlxalq birlik çox təəssüflər olsun ki, bu reallıqlara göz yumur, gözləri kor olur, görmürlər”.

Ağdam həqiqətlərini yalnız Azərbaycanın özünün dünya ictimaiyyətinə çatdırdığını deyən Ş.Ağayev bildirdi ki, burada tikinti-quruculuq, bərpa işləri də dövlət tərəfindən görülür, amma böyük dövlətlər bu şəhərin bərpasına sərmayə belə qoymurlar, dəstək göstərmirlər. “Ümid edirik ki, gələcəkdə gözəl bir Ağdam şəhərinin qurulmasının şahidi, iştirakçısı olacağıq. Bunları ona görə dedim ki, Ağdam işğal olunanda onun 140 min əhalisi vardı, indi Ağdamın əhalisinin sayı 200 mindən çoxdur. Ağdamın münbit torpaqları vardı. Burada sənayenin bütün növləri, tarixi abidələr, kitabxanalar, muzeylər və sair mövcud idi. Bunların hamısı isə vəhşi ermənilər tərəfindən məhv edildi. Ağlıma sığışdıra bilmirəm ki, insan şəklində olan bir millət bu vəhşilikləri etsin, bu qədər nifrət hissi ilə Ağdam kimi şəhəri yerlə yeksan etsin. Hətta qədim dünyadakı vəhşi insanlar da bu vandalizmi törətməzdilər, amma ermənilər törədiblər. Təəssüf ki, dünya birliyinin də gözü kor olub bunları görmək istəmirlər” - deyə Ş.Ağayev vurğuladı. 

İradə SARIYEVA  





Seçilən
34
baki-xeber.com

1Mənbələr