AZ

ABŞ-da məşhur süni intellekt şirkətinin təsisçisi həbs edilib

Los-Anceles, Nyu-York və Atlantada məktəblilər üçün tədris planları hazırlamaq məqsədilə "chatbot" hazırlayan süni intellekt şirkətinin təsisçisi fırıldaqçılıq ittihamı ilə həbs olunub.  

Valyuta.az "Yahoo Finance"a istinadən xəbər verir ki, Şimali Karolina ştatının Raleigh şəhərindən olan 33 yaşlı Coanna Smit-Qriffin (Joanna Smith-Griffin) çərşənbə axşamı saxlanılıb. Ona qiymətli kağızlar, telekommunikasiya fırıldağı və şəxsiyyət oğurluğu ittihamları irəli sürülüb.  

Smit-Qriffin, "AllHere Education Inc." adlı süni intellekt texnologiyası şirkətini təsis edib və şirkət "Ed" adlı chatbot hazırlayıb. Los-Anceles Birləşmiş Məktəb Rayonu bir müddət bu məhsuldan istifadə etsə də, Smit-Qriffinin şirkətinin maliyyə iflası səbəbilə bu əməkdaşlıq dayandırılıb.  

Rəsmilərin məlumatına görə, bu məhsul Nyu-York və Atlanta daxil olmaqla, digər iri məktəb rayonlarında da istifadə olunub.  

Manhetten federal məhkəməsində açıqlanan ittihamnaməyə əsasən, Smit-Qriffin 2020-ci ildən bəri investorları aldadaraq qanunsuz yollarla milyonlarla dollar əldə edib.  

İttihamnamədə qeyd edilir ki, o, investorların saxta yolla əldə etdiyi vəsaitin bir hissəsini Şimali Karolinada ev üçün ilkin ödəniş və toy xərclərinə sərf edib. Şirkət iflas etdikdən və işçilər işdən azad edildikdən sonra, onun maliyyə idarəçiliyi müflisləşmə prosesi çərçivəsində qəyyumun nəzarətinə keçib.  
ABŞ prokuroru Demian Uilyams (Damian Williams) açıqlamasında bildirib ki, Smit-Qriffin “AllHere Education, Inc.” şirkətində investorları aldatmaq məqsədilə məqsədyönlü və planlı bir sxem təşkil edib, şirkətin maliyyə vəziyyətini şişirdərək yalan bəhanələrlə milyonlarla dollar toplayıb.  

Şimali Karolinada keçirilən məhkəmə iclasında onu kimin müdafiə edəcəyi hələlik məlum deyil.

"FBI"ın Nyu-York ofisinin rəhbəri Ceyms E. Denni (James E. Dennehy) isə deyib ki, Smit-Qriffin startap şirkətinin strukturu və fəaliyyəti ilə bağlı yalan məlumatlar təqdim edib. Hətta "uyğunsuzluqlar aşkar edildikdən sonra belə dələduzluğu davam etdirmək üçün maliyyə məsləhətçisi kimi çıxış edib".  

O əlavə edib ki, Smit-Qriffin şəxsi xərcləri şirkətin maraqlarından üstün tutaraq, böyük məktəb rayonlarında tədris mühitinin yaxşılaşdırılması imkanlarına zərər vurub.  

Rəhim

Seçilən
17
valyuta.az

1Mənbələr