AZ

COP29-un amerikalı iştirakçısı: İnkişaf etməkdə olan ölkələrin bir çoxu iqlim dəyişikliyindən çox təsirlənir

“Hesab edirəm ki, bəzi problemlərin həllində kiçik addımlar ataraq böyük işlər görmək olar. Hazırda müzakirə edilən problem qlobal səviyyədə həll olunmalıdır. Biz iqlim dəyişmələri ilə mübarizəyə ayrılacaq maliyyənin davamlılıq üçün daha faydalı olan layihələrə necə sərf etmək barədə müzakirələr aparırıq”.

Bunu AZƏRTAC-a müsahibəsində COP29-da iştirak edən Amerikada yerləşən Antroposen İnstitutunun Data Elmi üzrə şöbəsinin direktoru Quvido Nunez deyib.

O bildirib ki, inkişaf etməkdə olan ölkələrin bir çoxu iqlim dəyişikliyindən çox təsirlənir və onların karbon emissiyalarını azaltmağa ehtiyacı yoxdur: “Həssas insanlara kömək etmək üçün infrastrukturları daha güclü və daha möhkəm etməliyik”.

Tədbir iştirakçısı deyib ki, ölkəsinin siyasi administrasiyasında iqlim dəyişikliyinə inanmadıqlarını söyləyənlər var. O, bu fikirdə dəyişiklik etməyə çalışdıqlarını bildirib. “Bir alim kimi bu məsələ məni çox narahat edir. Onlar nüvə enerjisinə qarşı deyillər və düşünürlər ki, nüvə enerjisi bizim rifahımızı və həyat keyfiyyətimizi qurban vermədən karbon emissiyalarını azaltmağın bir yoludur. Çünki o, enerji təmin edə bilər. Həftənin yeddi günü, 24 saat günəş və külək enerjisinə ehtiyacımız var, amma, eyni zamanda, nüvəyə ehtiyacımız var. Gələcəyi görmək çətindir, amma düşünürəm ki, ən azı bu yolla ABŞ nüvə texnologiyasını təkmilləşdirməklə, onu ölkə daxilində və bütün dünyada yerləşdirməklə, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək”, - deyə COP29-un iştirakçısı bildirib.

Amerikalı qonaq, həmçinin Azərbaycan xalqının son dərəcə mehriban və nəzakətli xalq olduğunu da diqqətə çatdırıb. Əlavə edib ki, buradakı yeməklərdən həzz alıb. “Şəhərin memarlığı həqiqətən möhtəşəmdir. Heydər Əliyev Beynəlxalq Aeroportuna gələndə oranın necə gözəl olduğunu gördüm. Azərbaycana mehriban ev sahibliyinə görə çox minnətdaram”, - deyə o əlavə edib.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr