AZ

Sahil Babayev COP29 çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri öz işinə başlayıb.

Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla məlumat verir. 

İki gün davam edəcək tədbirin gündəliyinə yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, BƏT-in Təlimatlarının tətbiqi məsələlərinin müzakirəsi daxildir. 

Müxtəlif ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin iştirak etdiyi tədbirdə Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilə olan “Mazut Konstitusiyası”nın 120 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Nazir yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün Nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə etdiyini, 160 xidmətin 90 faizdən çoxunu rəqəmsallaşdırdığını qeyd edib. 

Həmçinin e-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib. O, Azərbaycanda aparılan sosial islahatları, təkcə son 6 ildə ölkədə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketinin icra edildiyini vurğulayıb. Qeyd edilən dövrdə 624 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiyini, 35 min şəxsin peşə hazırlığına, 2700-dən çox insanın əmək haqqının birgə maliyyələşdirmə proqramına, 92 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.

S.Babayev sosial-iqtisadi inkişaf və inklüziv cəmiyyətin formalaşması və ekoloji təmiz gələcəyin qurulmasında əməkdaşlıq, anlaşma və birgə səylərin tələb olunduğunu vurğulayıb. 

Həmçinin BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini, BMT-nin Avropa və Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Problemləri üzrə Koalisiyasının həmsədri Dmitri Mariyasin, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

Tədbir panel sessiyalarla, müvafiq sahələrdə təcrübələrin mübadiləsi ilə davam edib. Sessiyalarda  beynəlxalq təşkilatların nümayəndəsinin, habelə müxtəlif ölkələrin rəsmilərinin çıxışları dinlənilib. İnklüziv və genderə cavab verən və ədalətli keçidi hədəfləyən iqlim tədbirlərinin inteqrasiyasına dair təşkil olunan regional dəyirmi masada bir sıra ölkələrin hökumət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri yaşıl iqtisadiyyata ədalətli keçid üçün həll yolları, gender bərabərliyinə və inklüzivliyə diqqətin artırılması ilə bağlı fikirlərini bölüşüblər.  

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yaşıl iqtisadiyyata keçidin sürətli və uğurlu olmasının ilk növbədə biznesin dayanıqlılığından, ixtisaslı və peşəkar işçi qüvvəsinin potensialından və onun səmərəli idarə olunmasından, yeni sosial dəstək mexanizmlərinin işlənib hazırlanmasından asılı olacağını vurğulayıb. 

Qeyd edək ki, “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri sabah, noyabrın 21-də də davam edəcək.

Seçilən
12
6
qaziler.az

7Mənbələr