AZ

Rafael Hüseynovun "Nəsimi"si təqdim olundu - Foto

"Mən bu operada Nəsimini bir hürifi şairi, bir əqidə mübarizi kimi deyil, həm də Azərbaycanı birləşdirməyə, daha da qüvvətli etməyə köklənmiş bir insan kimi verməyə çalışmışam".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi" operasının libretto müəllifi akademik Rəfael Hüseynov deyib.

Akademik operanın yaranma tarixçəsi ilə bağlı maraqlı məqamlardan danışıb:

"Böyük azərbaycanlı İmaməddin Nəsiminin doğulduğu ildən 1269-cu ildən, eləcə də qətlə yetirildiyi 1417-ci ildən çox zaman ötüb. Ancaq bu cür şəxsiyyətlər gəlirlər, onları nə tarixdən silmək, nə də onları insanların yaddaşından çıxarmaq olur. Belə şəxsiyyətlər yalnız şeirləri ilə yaşamırlar, Nəsiminin zamanında musiqiləşmiş, insanların dilinə düşmüş, təsnifə çevrilmiş bir şeiri onun təzədən qayıdışı demək idi. 15 yaxud 16 -cı əsrdə çəkilmiş hansısa bir miniatür onun yenidən doğulması demək idi. Zamanında bizim görkəmli yazıçımız İsa Hüseynov İmaməddin Nəsimi haqda gözəl bir əsər yazdı, unudulmaz, böyük rejissorumuz Həsən Seyidbəyli misilsiz bir film çəkdi və Nəsimi sanki Azərbaycan insanı üçün yenidən qayıtdı. Amma aradan zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. "Nəsimi ili"ndə biz Nəsimi haqda bir əsər üzərində işləməyə başladıq. Əslində opera kimi düşünülmürdü. Bizim istedadlı opera müğənnimiz Ramil Qasımovun istəyi idi və məndən xahiş etmişdi ki, 15-20 dəqiqəlik tək özü ifa edəcəyi kompozisiya üçün mətn yazım. Musiqi üçün də Siyavuşdan xahiş etdik. Belə bir kompozisiya yarandı. Bir müddətdən sonra Ramil əsərdə qadın sürəti də istədi və mən o zaman Nəsiminin sevgilisi obrazını əlavə etdim. Bir az da keçdi, süjetin genişlənməsinə ehtiyac duyuldu və "Nəsimi ili" arxada qaldı. İl arxada qalsa da, bizim Nəsimiyə olan sevgimiz daha da artdı. Qərara aldıq ki, kompozisiya operaya dönüşsün".

R.Hüseynov əlavə etdi ki, Azərbaycan opera səhnəsini bəzəyəcək çox qiymətli əsər yaranıb: "İnanıram ki, əsərdə Nəsimi ruhunun parlaqlığı ilə görünməsi Azərbaycan xalqını cəlb edəcək və uzun illər cazibəsində saxlayacaq".


Müəllif: Foto: Elnur Muxtar
Seçilən
37
teleqraf.com

1Mənbələr