"Yaranmış vəziyyətdə Ukrayna və Rusiya təmkinlilik göstərməli, təxribatlardan yan keçməli və diqqəti sülh səylərinə yönəltməlidir..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdpoğan ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsini tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat verib.
Onun sözlərinə görə, belə hərəkətlər münaqişənin yalnız qızışdırılmasına gətirib çıxarır.
"Mən bunu düzgün qərar hesab etmirəm və pisləyirəm. Bu addımı ilə cənab Bayden faktiki olaraq odun üstünə yağ töküb və münaqişənin bundan sonra da uzadılması və hətta genişləndirilməsi üçün şərait yaradıb", - Ərdoğan deyib.
Onun sözlərinə görə, bu icazə Rusiya tərəfindən daha güclü cavabın verilməsinə gətirib çıxaracaq.
"Putinin təsdiq etdiyi doktrina Rusiyaya ballistik raketlərlə zərbələr ediləcəyi təqdirdə nüvə silahının tətbiqini nəzərdə tutur. Bütün bunlar regionu və dünyanı yeni böyük müharibə həddinə gətirib çıxara bilər. "Məndən sonra tufan olsa da..." yanaşması yaxşı heç nə vəd etmir", - Türkiyə lideri bəyan edib.
O, əlavə edib ki, belə vəziyyətdə istənilən yanlışlıq və ya təxribat "barıt çəlləyinə od vurmağa bənzəyəcək".
Onun fikrincə, Rusiya və Ukrayna "təmkinlilik göstərməli", təxribatlardan yan keçməli və diqqəti sülh səylərinə yönəltməlidir.
"Financial Times" nəşrinin xəbər verdiyi kimi, Ukrayna Amerikanın ATACMS raketlərindən istifadə etməklə Rusiya ərazisindəki hərbi hədəfə zərbə endirib.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bununla bağlı dünya müharibəsi ilə təhdid edib.
O, bəyan edib ki, Qərb raketlərinin Rusiyaya qarşı istifadə edilməsi NATO ölkələrinin hücumu kimi dəyərləndiriləcək.
Onun sözlərinə görə, belə olan halda Rusiya həm Kiyevə, həm də harada yerləşməsindən asılı olmayaraq NATO obyektlərinə qarşı kütləvi qırğın silahı tətbiq edə bilər.