AZ

Türkiyə palçığın içində boğuldu...

Dünən Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu. Son tura lider kimi daxil olan Türkiyənin Monteneqro ilə səfər oyununda ciddi problem yaşayacağı güman edilmirdi.

Çünki Monteneqronun xalı və heç bir iddiası yox idi. Üstəlik Türkiyə buna qədər bu rəqibə qarşı keçirdiyi 5 oyunun heç birində uduzmamışdı (3 qələbə, 2 heç-heçə). Amma bu dəfəki oyun əvvəlcədən türklərin planlaşdırdığı kimi getmədi. Birincisi, oyun güclü yağış altında və çox bərbad bir ot örtüyündə oynanıldı. Türkiyənin texnikalı futbolçuları belə şərtlərdə çox əziyyət çəkdilər. Üstəlik buna qədər qrupda keçirdiyi 5 oyunda cəmi 1 qol vuran Monteneqro sanki ən yaxşı oyununu axıra saxlamışdı. Meydan sahibləri hələ fasiləyə qədər 2 qol vurdular. Türkiyə buna Kənan Yıldızın qolu ilə cavab verdi. Fasilədən sonra ''ay-ulduzlular'' fəallaşsalar da, bu, vəziyyəti dəyişmək üçün kifayət etmədi. Üstəlik Robert Prosineçkinin komandası 3-cü qolu da vuraraq günün ən sürpriz qələbəsini qazandı. Hər üç qolu Türkiyənin qapısına ''Leççe''nin 24 yaşlı forvardı Nikola Krstoviç vurdu. Türkiyə ilə oyunda het-trik edən son futbolçu 2021-də Niderlandın heyətində Memfis Depay olmuşdu. Qrupun digər oyununun nəticəsi də Türkiyəni sevindirmədi. İslandiyanı evdə 4:1 məğlub edən Uels qrup lideri oldu.

Beləliklə, qrupu ikinci pillədə tamamlayan Türkiyə həm DÇ-yə yüksəlmək üçün pley-offda oynamaq, həm də A Liqasına yüksəlmək fürsətini əldən verdi! Onu da bildirək ki, qardaş ölkənin komandası ML-də A Liqasına yüksəlmək üçün gələn ilin martın 20-23-də pley-off oynayacaq. Rəqib Şotlandiya, Macarıstan, Belçika və Serbiyadan biri olacaq. Rəqibin adına noyabrın 22-də baş tutacaq püşkatmada aydınlıq gələcək.

ƏLİ

Seçilən
28
football-plus.az

1Mənbələr