AZ

Juninyo niyə “Qarabağ”dan “gedib”? – YAZI

Olavio Juninyo...
O, nəinki yerli futbol ictimaiyyətində, hətta beynəlxalq arenada hörmət olunan hücumçudu. Hər halda, həmin imici asanlıqla qazanmayıb. Ötən ilin yayında “Qarabağ”a transfer edilən futbolçu qısa müddətdə azarkeşlərin qəlbinə yol tapdı.


2023/24 “futbol ili”ndə bütün turnirlər daxil olmaqla 55 oyunda meydana çıxan braziliyalı 31 qol, 11 məhsuldar ötürməylə yadda qaldı. Təbii ki, hadisələrin axarı mövsümlərarası fasilədə xeyli təklif almasına səbəb oldu. Onun transfer edilməsində ən çox israr edən komanda isə “Beşiktaş” oldu. Hər halda, Juninyo “Qarabağ”ın şərəfini qorumağa davam edir. Onun hələ də bəzi təkliflər aldığına şübhəylə yanşamaq doğru olmaz. Amma azarkeşlərin əvvəlki Juninyo üçün darıxdığı sirr deyil. Bu nə qədər barizdisə, hücumçunun performansının enişdə olmasının səbəbi də o qədər bəllidi. Daha əvvəl də yazmışıq ki, futbolçunu üzən yeganə məqam “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməsidi. O, 9 ay əvvəl Portuqaliyanın “O Jogo” nəşrinə açıqlamasında Ağdam klubunu seçməsinin səbəbini məhz həmin turnirdə iştirak arzusuyla əlaqələndirmişdi. Lakin “köhlən atlar” nə ötən, nə də bu mövsüm qarşıya qoyulan məqsədə çata bildi, Avropa Liqasında çıxış etməli oldu. Belədə ikinci dəfə məyus olan, əlindən gələni etdiyi halda uşaqlıq arzusuna çata bilməyən hücumçunun kökdən düşməsi anlaşılandı, gözləniləndi... Bəli-bəli, təbii ki, əlindən gələni etdi. Xatırlayırsızsa, o, ÇL-nin təsnifat mərhələsində keçirilən 6 oyunda 6 qol vuraraq bombardirlər siyahısının lideri oldu və Arni Frederiksberq, Edin Ceko və Darius Olaru kimi görkəmli hücumçuları qabaqladı.

Bəli, indi həmin Juninyo yoxdu. Hara “gedib”? Bəlkə də başqa klublardan aldığı təkliflər beynini qarışdırır. Həmçinin ÇL sevgisi qəlbini “Qarabağ”dan soyudub. İstənilən vəziyyətdə Juninyo özünü yenidən tapmalıdı. Onun “Qarabağ”la müqaviləsinin müddəti hələ 2026-cı ilin yayında bitəcək. İndiki mənzərə isə heç xoşa gəlmir. Premyer-liqada 10 matçda meydana çıxan futbolçu cəmi iki qolla yadda qalıb. Və bu, PFL-in rəsmi saytında yer alan bombardirlər siyahısının ilk səkkiz pilləsində qərarlaşa bilməməsinə səbəb olub. Avropa Liqasında keçirilən dörd oyunun üçündə 90, birində 82 dəqiqə tər tökübsə, cəmi bir qol vurub...
Qısası, Juninyo artıq həminki deyil. Hətta bu, mövsümün sonunda “Qarabağ”dan ayrılmasıyla da nəticələnə bilər. Odu ki, qarşıdakı ayları maksimum dəyərləndirmək vacibdi. Juninyo unutmamalıdı ki, “Qarabağ” indiyə qədər xeyli bacarıqlı hücumçunu yola salıb və yerini doldurmaqda çətinlik çəkməyib!

KƏNAN BAHADIR

Seçilən
23
football-plus.az

1Mənbələr