Son günlər ərzində bir neçə nəfər dəm qazı ilə zəhərlənmə halları nəticəsində həyatını itirib. Bu vəziyyətlə qarşılaşdıqda nələrə diqqət etməli və ilkin tibbi yardımı necə göstərməliyik?
“Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir.
Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”, - deyə toksikoloqlar məsləhət görür.
Xatırladaq ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən xüsusi qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz avtomatik kəsilir. Unutmayın, həyatınız hər şeydən dəyərlidir./saglamolun.az