AZ

Polietilen torbaların satışı ətraf mühitin təmizlənməsinə nə qədər fayda verir? — AÇIQLAMA

"Polietilən torbaların satışı artıq 1 ildən çoxdur ki, həyata keçirilir. Qərar qəbul edildikdə vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı. Effektliyinə bir çevrəçi olaraq mənim də şübhəm var idi. Belə bir tədbir illər öncə Rusiyada da həyata keçirilməyə başlamışdı. Həmin tədbir bu günə qədər çevrə kirliliyinin qarşısının alınmasında əhəmiyyətli rol oynamayıb". 

Bu sözləri Demokrat.az-a açıqlamasında ətraf mühit üzrə ekspert Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, polietilen torbalar satışa çıxarılmaqla istehlakçılara maddi baxımdan ikinci zərər vurulur:

“Çünki məhsul vitrinə çıxarılmadan öncə satıcı marketlər tərəfindən torba qiymətləri də maya dəyərinə oturdularaq, məhsulun qiymətinə yansıdılır. Qərar sonrası heç bir dövlət qurumu  qiymətlərin aşağı salınmasında maraqlı olmadı. İctimaiyyəti maarifləndirən olmadı. Vətəndaşlar qərarın mahiyyətini dərk etmədi. 

Eyni zamanda poletilen torbaların alıcıya təklif olunan qiyməti o qədər ucuzdur ki, bununla israf və çevrə kirlənməsinin qarşısını almaq imkansızdır". 

Ekspert bildirib ki, ətrafın kirliliyinin qarşısını almaq üçün fərqli tədbirlər görmək mümkündür: 

"İlk növbədə orqanik, tez çürüyən, dəniz canlıları və torpağa zərər verməyən torbaların istehsalı təmin olunmalıdır. Hətta iş adamlarına faizsiz kreditlər vermə, vergidən azad etmə kimi güzəştlər edilməlidir. 

Birinci növbədə bağça və ibtidai sinif dərsiliklərində həmin anlayış təmin olunmalıdır. Çevrə duyarlılığı ali məktəblərin, xüsusən pedoqoji fakültələrdə yetişdirilən kadrların dərs vəsaitlərinə daxil edilməlidir. Milli ibtidai təhsil haqqında konsepsiya hazırlanmalı, bu kimi məsələlər də orada əks olunmalıdır".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr