COP29 çərçivəsində 700-dən çox iştirakçıya tezliklərdən istifadəyə icazə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Radiotezliklər İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əhədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 tədbirində fəaliyyətin sistemli şəkildə təmini və proseslərin idarə olunması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Dövlət Radiotezliklər İdarəsinin, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin aidiyyəti nümayəndələrindən ibarət komanda yaradılıb.
İlham Əhədov qeyd edib ki, COP29-a hazırlıq çərçivəsində radiotezlik və radioelektron vasitələrindən (REV) istifadə üçün müraciətlərin göndərilməsi və iştirakçılara icazələrin verilməsinin asanlaşdırılması məqsədilə ilk dəfə olaraq COP29 Radiospektrin İdarəedilməsi Portalı yaradılıb. Akkreditasiyadan keçmiş bütün iştirakçıların tədbir zamanı istifadə edəcəkləri REV-lər üçün tezliklərin ayrılması və REV-lərin qeydiyyatdan keçirilməsi bu portal vasitəsilə təmin olunub. “COP29 çərçivəsində 700-dən çox iştirakçıya tezliklərdən istifadəyə icazə verilib. Bu icazələrə əsasən 2 minədək REV-in istifadəsi müvafiq qaydada Radiospektrin test və Etiketləmə masası tərəfindən təsdiqlənib”, - deyə İlham Əhədov qeyd edib.
O bildirib ki, COP29 ərəfəsində və keçirildiyi günlərdə tədbirin təşkili və işıqlandırılması məqsədilə ayrılmış radiotezlik nominallarından maneəsiz istifadənin təmini məqsədilə Dövlət Radiotezliklər İdarəsinin 3 mobil radiomonitorinq stansiyası, 6 portativ radiomonitorinq qrupu tərəfindən davamlı şəkildə tədbir keçirilən məkan və ətraf ərazilərdə radiomonitorinq işləri aparılır.
İlham Əhədov COP29 zamanı radiotezlik istifadəsi ilə bağlı hər hansı problemin yaşanmadığını vurğulayaraq deyib: “Məkan daxilində olan müraciətlər və qeydiyyat zamanı COP29 könüllülərinin dəstəyini də vurğulamaq istərdim. Onlar tədbir boyunca müraciət edən iştirakçıların yönləndirilməsi, onlarla operativ və düzgün kommunikasiyanın qurulmasında komandamıza böyük dəstək göstərirlər”.