İraqda 37 ildən sonra ilk dəfə Kürd Regional Muxtariyyəti (IKBY) daxil olmaqla bütün ölkəni əhatə edən əhalinin siyahıyaalınmasına başlanılıb.Metbuat.az xəbər verir ki, siyahıyaalınma prosesi iki gün davam edəcək. İraqın Planlama Nazirliyinin rəsminin verdiyi məlumata görə, Kərkükdə də siyahıyaalınmaya rəsmən başlanıb. Təxminən dörd gün əvvəl ailə məlumatlarının toplanmasına başlanıldığını bildirən nazirlik rəsmisi bu gündən etibarən evlərin ziyarət edilərək əvvəlki məlumatların yoxlanıldığını qeyd edib.Kərkükdə iki gün ərzində həyata keçiriləcək bu prosesə 5 min 600 işçi cəlb olunub. Şəhərin təxminən 1 milyon 800 min əhaliyə sahib olduğu, siyahıyaalınma nəticəsində bu rəqəmin dəqiq müəyyənləşəcəyi vurğulanıb.Qeyd edək ki, İraqda hər 10 ildən bir keçirilən siyahıyaalınması ABŞ-nin 2003-cü ildə ölkəni işğal etməsindən sonra baş verən zorakılıq hadisələri səbəbindən həyata keçirilə bilməmişdi. Proses zamanı ölkədə iki gün ərzində komendant saatı tətbiq edilir. Elektron şəkildə aparılan siyahıyaalınmada etnik və məzhəb ilə bağlı suallar yer almayacaq.