AZ

Dövlətin fermerlərə maliyyə və texniki dəstəyi, vergi güzəştləri artsa da…

Bu gün hələ də Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edir. Xüsusilə ölkə əhalisinin taxıl, ət, süd məhsulları və bəzi meyvələrlə təminatının 45- 50 faizi idxal məhsulları ilə reallaşır. Bəs özümüzü bu və digər kənd təsərrüfatı məhsulları ilə iyə tam həcmdə təmin edə bilmirik? Axı Cənubi Qafqazda ən məhsuldar torpaqlara malik olmağımızla bərabər, həm də su ehtiyatlarımız da digər qonşu ölkələrə nisbətən az deyil. Hətta İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra işğaldan azad olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yüz min hektarlarla torpaqlarımız artıq kənd təsərrüfatına yararlı hala gətirilir. Postmüharibə dövründə həmin torpaqlarda da kənd təsərrüfatı məhsullarının istehsalına başlanılıb. Xüsusilə burada yaradılan bir neçə aqroparkda kənd təsərrüfatı məhsullarının yığımı da reallaşıb.

Digər önəmli məsələ isə fermerlərə ərzaq bolluğunun yaradılması istiqamətində göstərilən dövlət dəstəyinin də hər il davamlı artırılmasıdır. Xüsusilə ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir.  Belə ki, son bir ildə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri xeyli artıb. Fermerlər ötən il adı çəkilən fonddan 4 milyon manat həcmində sığorta ödənişi alıblar ki, bu da 2021–2022-ci illərdəki vəsaitdən 2 dəfə çoxdur.

Eyni zamanda, son illər fermerlərə tətbiq olunan güzəştlərin həcmi genişlənib. Güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqlar idxal rüsumundan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunur. Bundan başqa, ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir. Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.

Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı «Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərman imzalayıb. Fərmana görə, ərzaqlıq buğdanı Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verən fermerlərə subsidiyalar  ödənilir.  Fermerlərə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə kənd təsərrüfatı texnikası parkı yenilənib, aqrotexniki xidmətlərə əlçatanlıq təmin edilib. Toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfatı sahəsinin infrastruktur və təchizat bazası genişlənib O cümlədən son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib

Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Belə ki, Vergi Məcəlləsində son dəyişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib. Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddəti də 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Həmçinin son bir neçə ildə aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul edilib, çoxsaylı fərmanlar imzalanıb və Dövlət proqramları təsdiqlənib.

Bütün bunlara rəğmən demək olar ki, dövlətimizin  fermerlərə göstərdiyi maliyyə və texniki dəstəyi genişdir. Bundan sonrası qalır  Azərbaycan kəndlisinin işgüzarlığına  və torpağa bağlılığına… Bu da ciddi problemdir ki, son bir neçə ildə Azərbaycanda urbanizasiya problemi də yaşanır. Yəni, işçi qüvvəsinin  kəndlərdən şəhərlərə axını baş verib ki, bu da kənd təsərrüfatında çalışan işçilərin sayının azalmasına səbəb olub. Məhz buna görə də bəzən kənd təsərrüfatına yararlı on hektarlarla torpaq sahələri baxımsız və əkilməmiş qalır.      

Elçin Zaman, «İki sahil»

Seçilən
24
ikisahil.az

1Mənbələr