AZ

“Hoffenhaym” avstriyalı mütəxəssisə tapşırıldı

Avstriyalı futbol mütəxəssisi Kristian İltser Almaniya Bundesliqasında mübarizə aparan “Hoffenhaym” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu təyinata görə Avstriyanın “Şturm Qrats” klubundan ayrılmağa qərar vermiş 47 yaşlı məşqçi ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Almaniya klubunun buna görə “Şturm Qrats”a təzminat ödəyib-ödəmədiyi açıqlanmır.

Xatırladaq ki, Kristian İltser 2020-ci ilin iyul ayından “Şturm Qrats”da baş məşqçi kimi çalışırdı. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 195 oyunda 107 qələbə qazanıb, 40 heç-heçə edib, 48 məğlubiyyətə üzülüb. Avstriyalı mütəxəssis “Şturm Qrats”ı 2023/2024 mövsümündə ölkəsinin çempionu edib. O, bu komanda ilə 2022/2023 və 2023/2024 mövsümlərində Avstriya Kubokunu da qazanıb.

İltser daha öncə “Austriya” (Vyana), “Volfsberger”, “Hartberq” kimi komandalara da rəhbərlik edib.

Qeyd edək ki, Kristian İltser “Hoffenhaym”ın sükanı arxasında bir müddət öncə istefaya göndərilmiş Pelleqrino Mataratsonu əvəz edib. Hansı ki, Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan futbol mütəxəssisi uğursuz nəticələrə görə komandadan ayrılmaq məcburiyyətində qalmışdı.

Pelleqrino Mataratso 2023-cü ilin fevral ayından bu komandaya rəhbərlik edirdi. 46 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 67 oyuna çıxarıb. Bundesliqa təmsilçisi bu görüşlərdə 24 qələbə qazanıb, 14 heç-heçə edib, 29 məğlubiyyətə üzülüb.

Mataratso daha öncə də “Hoffenhaym”da çalışıb. O, 2017-2018-ci illər aralığında bu klubun əvəzedici komandasına rəhbərlik edibsə, 2019-cu ilə qədər də əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib.

“Hoffenhaym” Almaniya Bundesliqasının cari mövsümündə keçirdiyi 10 oyunda cəmi 9 xal toplaya bilib. Sözügedən komanda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Komanda 10 turdan sonra yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Seçilən
61
arena.az

1Mənbələr