AZ

Amalı xalqa xidmət, dövlətçiliyə sədaqət olan milyonların partiyası -YAP

Ötən əsrin sonlarında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda baş verən hadisələr respublikadakı siyasi gərginliyi daha da mürəkkəbləşdirmişdi. AXC- Müsavat iqtidaraın yaratdığı xaos, hərc-mərclik, xarici müdaxilələr respublikanı uçuruma aparırdı. Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıqsızlığı ölkəni vətəndaş müharbəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar. Taleyi müəmmalı olan Azərbaycanda yaranan gərginlik, biri-birindən mürəkkəb olduğu qədər də təhlükəli hadisələr, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, siyasi, iqtisadi, hərbi böhran Azərbaycanın varlığı üçün təhlükə yaratmışdı. Vəziyyətin daha da gərginləşdiyini, insanların artan təlaşını, müstəqilliyimizin təhlükə altında olduğunu görən 91 nəfər ziyalı nicat yolu kimi, o dövrdə Naxçıvan Muxtar Respulikası Ali Məclisinin Sədri Ulu Öndər Heydər Əliyevdə müraciət etdilər. «Azərbaycan Sizin sözünüzü gözləyir!» başlıqlı həmin müraciət xalqımızın xilas, nicat yolu oldu. «Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz» sözlərinin yer aldığı, çağdaş tarixə adları «91-lər» kimi yazılan müraciətə cavabında respublikamızın üzləşdiyi və gələcək taleyi üçün narahat olduğunu bildirən Ulu Öndər Heydər Əliyevin « Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram» sözləri bu gün dünyada söz sahibi kimi qüdrətlənən, nüfuzu möhkəmlənən Azərbaycanın siyasi, iqtisadi, demokratik inkişafının bələdçisi, təminatçısı oldu.

21 noyabr 1992-ci ildə, Azərbaycanın ən ağır şəraitdə yaşadığı bir dövrdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqlliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. «Baxmayaraq ki, o vaxtkı iqtidar cəmi bir il hakimiyyətdə idi. Onlar cəmi bir il hakimiyyətdə qala bildilər. Baxmayaraq ki, onların əlində bütün imkanlar var idi. Ancaq antimilli siyasət, Azərbaycan maraqlarına uyğun olmayan hərəkətlər, bacarıqsız rəhbərlik və əslində Azərbaycanda müstəqilliyin əməldə yox, sözdə olması, əlbəttə ki, bu iqtidarın ömrünü uzun edə bilməzdi.» O dövrdəki hadisələri bu sözləri ilə xarakterizə edən Prezident, YAP Sədri İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək, xalqa güvənərək Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə qətiyyətlə çalışdı. Siyasi iradə göstərərək respublikanın gələcəyi üçün inkişaf konsepsiyası, on illəri əhatə edən strategiya hazırlandı.

Müxalifət partiyası kimi yaradılsa da indiki antimilli qüvvələrdən fərqli olaraq dövlətçiliyə, milli maraqlara sadiq insanları ətrafına toplayan, qısa müddətdə nüfuzu artan, sıraları genişlənən YAP yüz minlərlə əqidədaşı birləşdirən güclü təşkilat kimi formalaşdı. Siyasi nüfuzu, xalq arasında hörməti artan müdrik şəxsiyyət Heydər Əliyev YAP-ı yaratmaqla Azərbaycan xalqının taleyini, gələcəyini müəyyənləşdirdi, insanların iradəsinə arxalanaraq milyonları arxasınca apardı. Ulu Öndərin hakimiyyətə qayıdışı, siyasi proseslərə rəhbərlik etməsi Azərbaycanın siyasi, iqtisadi uğurunu təmin edən başlıca şərt oldu. Azərbaycan xalqı növbəti dəfə siyasi müdriklik göstərərək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.

Həmin vaxt Azərbaycanı bürüyən siyasi, iqtisadi gərginlik, vətəndaş müharibəsi təhlükəsi, maliyyə böhranı, Ermənistanın torpaqlarımıza təcavüzü kimi həlli çətin məsələlər möhkəm siyasi iradə, qətiyyət, dövlətçilik təcrübəsi, ən əsası isə xalqına, torpağına bağlılıq tələb edirdi. Ölkənin taleyini bazar iqtisadiyyatına keçməklə müəyyənləşdirən Ulu Öndər respublikada siyasi sabitliyin yaranması üçün önəmli addımlar atdı, müxtəlif partyalara xidmət edən qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ölkədə asayiş bərpa olundu. Bir qovluq və möhürdən ibarət «partiyalardan» fərqli olaraq kəmiyyət və keyfiyyət baxımından inkişaf edən YAP saflaşmaqla sıralarını mətinləşdirdi. Azərbaycanın bu gün qazandığı uğurların əsasını Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident, YAP-ın Sədri İlham Əliyevin liderlik cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq üçün bütün məsuliyyəti üzərinə götürən, qarşıda duran taleyüklü məsələləri əzmi, siyasi iradəsi, dövlətçilik təcrübəsi ilə həll edən Ulu Öndərin qüdrətli Azərbaycan naminə müəyyənləşdirdiyi «İdeya-təşkilat-siyasi lider və xalqın dəstəyi» formulu dəstəkləndi və qısa müddətdə özünü doğrultdu.

YAP-ın qurucusu, Ümummilli Lider Heydər Əliyevin təşkilatın II qurultayında söylədiyi kimi, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətlə bağlı bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək, xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələbinə uyğun zərurətdən yaranmış bir partiya olmaqla qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan partiyanın lideri kimi bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, süverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. O illəri xatırlayan hər bir vətəndaş etiraf edər ki, bu gün dünya siyasətinə təsir imkanları artan Azərbaycanın qazandığı uğurlar Tanrının xalqımıza bəxş etdiyi Ulu Öndərin siyasi iradəsinin məntiqi nəticəsidir. Bu yolda əldə olunan ən böyük tarixi nailiyyət isə Azərbaycanın müstəqilliyidir, suverenliyidir.

«Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda bizim üçün birinci dərəcəli vəzifə Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Azərbaycan xalqının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması bizim üçün çox vacibdir» söyləyən cənab İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, iqtisadi böhranlara baxmayaraq bütün sosial layihələr, islahatlar yerinə yetirilir. Ölkə iqtisadiyyatının inkişafında aparıcı rolunu eyni siyasətə sadiqliyi ilə davam etdirən partiya üzvləri təşəbbüskarlıqları ilə də avanqard qüvvə kimi inamla addımlayırlar.

Müstəqilliyimizlə yaşıd, vahid siyasi qüvvə kimi monolitliyini əməli fəaliyyəti ilə təsdiqləyən partiyanın ölkənin daxili və xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsində rolu danılmazdır. Neft-qaz layihələrinin şaxələndirməsində maraqlı olan ölkəmizin enerji diplomatiyası bütünlükdə bölgənin, Avropa İttifaqı dövlətlərinin maraqlarına xidmət edir. Azərbaycan TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi layihələrin əsas iştirakçısı, təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar enerji təhlükəsizliyi ilə bağlı şaxələndirmə siyasətini istiqamətləndirir. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən konkret proqramlar, qlobal enerji, nəqliyyat layihələri uğurla icra olunur. Olimpiya kompleksləri, məktəblər, səhiyyə ocaqları tikilir, ölkənin tam qazlaşdırılması siyasəti davam etdirilir. İnfrastruktur layihələrinin coğrafiyası genişləndirilir. Azərbaycanın müasirləşməsi, Qərb ilə Şərq arasında körpü rolunu oynaması, sivilizasiyalar məkanı kimi tanınması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi iqtidar partiyasının xidmətidir.

Azərbaycanda demokratiya inkişaf etməklə söz, mətbuat, din, vicdan, sərbəst toplaşma azadlıqları mövcuddur. Azad internet fəaliyyət göstərir, dini zəmində, təriqətlər və konfessiyalar arasında heç bir ayrı-seçkilik yoxdur. Ölkə əhalisinin 85 faizdən çoxunun azad internetdən istifadə etməsi də söz, mətbuat, insan hüquq və azadlıqlarının təminatına nümunədir. Ölkəmiz az sayda dövlətə nəsib olan kosmik klunun üzvüdür. Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsini, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir. Sivilizasiyalar, qitələr, ölkələr arasında körpü rolunu inamla doğruldan ölkəmizin eneji və nəqliyyat layihələrinin reallaşmasında göstərdiyi qətiyyət, təşəbbüskarlıq maliyyə imkanları artan ölkəmizin nüfuzunu daha da möhkəmləndirir.

Zəngin qanunvericilik bazasının formalaşdırılması ölkəmizdə aparılan demokratik islahatların uğurlu nəticələrindəndir.
Bütün siyasi kampaniyalarda namizədləri yekdilliklə dəstəklənən təşkilatın uğur konsepsiyasının əsasını xalqa xidmət təşkil edir. Xalqın böyük etimadını qazanaraq Azərbaycanı qüdrətli dövlət kimi dünyada tanıdan Prezident İlham Əliyevə ümumxalq məhəbbəti eyni zamanda qurucu, yaradıcı, yenilikçi, təşəbbüskar YAP-a hədsiz inamın nəticəsidir.

İlk dəfə dövlət başçısı kimi and içərkən hədəflərdən bəhs edən Prezident İlham Əliyev Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsini əsas prioritet olduğunu bildirmişdi. Bütün sahələrdə vədlərini yerinə yetirən dövlət başçımız İlham Əliyev Ali Baş Komandan kimi də sözünün sahibi oldu. 44 gün davam edən Vətən müharibəsində xalqa arxalanaraq işğala son qoyan Silahlı Qüvvələrimizin rəşadəti, qısa müddətdə davam edən antiterror əməliyyatının uğurla nəticələnməsi, suverenliyimizin bərpası xalq-iqtidar birliyinin bəhrəsidir.

Prezident İlham Əliyevin bölgədə yaratdığı reallıqlar da beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Düşünülmüş siyasəti, inkişafa aparan konsepsiyası, strategiyası, dəstəklənən diplomatiyası ilə həmkarları arasında belə sayılıb-seçilən Prezident İlham Əliyev başçılq etdiyi , yüz minləri birləşdirən partiyanın yenilikçilik ruhunda inkişafına da diqqət göstərir. Dünyanın tanınmış siyasi partiyaları ilə əməkdaşlığını qarşılıqlı inam və etimad prinsipləri əsasında formalaşdıran YAP-ın Cənubi Qafqazın ən böyük siyasi qüvvəyə malik təşkilat adlandırılması təsadüfi deyil.

Beynəlxalq dəstək qazanan COP29 kimi nüfuzlu, dünya siyasətinin aktual problemlərinin həllinə həsr edilmiş tədbirlərə ev sahibliyi edən Azərbaycan əvvəlki təcrübələrinə əsaslanaraq yenə də ölkəmizə gələn qonaqları inkişafı, müasir görkəmi, milli –mənəvi dəyərləri ilə heyran qoyur.

«Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb» söyləyən Prezident İlham Əliyev bildirir ki, biz bu hədəflərə çatmaqla kifayətlənmirik, daha mühüm vəzifələr naminə xalqımızı bir amal ətrafında birləşdiririk: «Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Bu gün yaranmasının 32-ci ildönümünü daha möhtəşəm nailiyyətlərlə qeyd edən YAP yenə də cəmiyyətin aparıcı qüvvəsi kimi avanqard rolunu gücləndirir. Üzvlərinin, tərəfdaşlarının sayı artır. Prezident, YAP Sədri İlham Əliyev regionda yaratdığı yeniliklərlə, siyasi sabitliklə Cənubi Qafqazın lideri adını doğruldur.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
48
ikisahil.az

1Mənbələr