Macarıstan Rusiya-Ukrayna hərbi münaqişəsinin gərginləşməsi təhlükəsi ilə əlaqədar ölkənin şimal-şərqində əlavə hava hücumundan müdafiə sistemləri quraşdıracaq.
"Far.Az"un məlumatına görə, bu barədə Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniçki bildirib.
"Biz sülhün hərbi yox, diplomatik yolla tezliklə əldə olunmasına ümid bəsləməyə davam edirik, lakin hər ehtimala qarşı, mən bu yaxınlarda əldə etdiyim hava nəzarəti, hava hücumundan müdafiə avadanlıqlarının və vasitələrinin ölkənin şimal-şərqinə yerləşdirilməsi barədə göstəriş verdim", - o, feysbukdakı videomüraciətində deyib.
Kriştof Salay-Bobrovniçki qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin köməyi ilə hava məkanına nəzarətin dəqiqliyini artırmaq və cavab vermək üçün tələb olunan vaxtı azaltmaq mümkün olacaq.
Nazir dəqiqləşdirib ki, Macarıstan silahlı qüvvələrinin ölkənin hava məkanının monitorinqinə cavabdeh olan bölmələri döyüş hazırlığı vəziyyətindədir. "Biz bütün gücümüzlə və bütün vasitələrlə Macarıstanın və macar xalqının təhlükəsizliyini qoruyacağıq", - hərbi idarənin rəhbəri əminliklə bildirib.