AZ

Amerikasayağı demokratiya:Həyasızlığın son həddi

Belə bir məşhur deyim var: demokratiya heç də mükəmməl sistem deyil, amma hələ ki, bəşəriyyət ondan yaxşısını icad eləməyib. Təəssüf ki, son zamanlar Qərbin, xüsusən, Amerikanın tutduğu mövqe və atdığı addımlar bu deyimin məhz birinci müddəasını haqlı çıxarır. Çünki bu dairələrin nümayiş etdirdikləri mövqe demokratiyaya qarşı az qala bütün dünyada əks reaksiya doğurur. İllər ötür, tarix yenilənir, dünya dəyişir, amma insanlar mahiyyətcə olduğu kimi qalır. Ermənilər dünənki kimi, bu gün də havadarlarının tapşırıqlarını yerinə yetirərək xam xəyallarının ardınca qaçırlar. Azərbaycan isə nə dünən, nə bu gün, nə də sabah hər hansı bir dövlətin təsir dairəsinə düşməyib, düşmür və düşməyəcək. Heç bir halda Azərbaycan xalqı, Azərbaycan dövləti Qərb və Amerika dairələrinin tapşırıqlarını yerinə yetirməyəcək. Çünki biz ermənilərdən fərqli olaraq öz müstəqilliyimizi qanla qazanmışıq. Bu yolda minlərlə şəhid vermişik. Heç kəs "bu torpaq artıq sənindir" - deyib də, bizi Qafqaza yerləşdirməyib. Bu torpaqlar əzəldən Azərbaycan xalqının Vətəni, yurdu olub, onun yandırdığı ocaq ətrafında işıqlanıb. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, heç kəs Azərbaycanla diktə dili ilə danışa bilməz. Ölkəmizə qarşı qərəzli və riyakar kampaniya aparan qüvvələrin Azərbaycanın yüksək imicinə, dünyada artan nüfuzuna xələl yetirmək istədiyini bildirən Prezident dövlətimizin heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmadığını qeyd edib.  Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan bütün nailiyyətlərinə təkbaşına çatıb və bu yolda qara kampaniyalara, əsassız təzyiqlərə də məruz qalıb. Lakin onlarda heç nə alınmayıb və bundan sonra da alınmayacaq.

Məlumdur ki, ABŞ Konqresində Ermənistana lobbiçilik edən konqresmenlər, senatorlar vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması da hər kəsə məlumdur. Bu günlərdə Bakıda həyasızcasına erməni terrorçularının azadlığını, işğal dövründə qeyri-qanuni olaraq Qarabağa məskunlaşdırılmış ermənilərin geri qayıtmasını tələb edən və birmənalı olaraq işğalçı Ermənistanı dəstəklədiyini bəyan edən senatorlar erməni lobbisi tərəfindən pulla alınmış şəxslərdəndirlər. Belə ki, ABŞ senatorları Edvard Marki və Şeldon Uaythaus COP29 çərçivəsində Bakıda keçirilən brifinqdə Ermənistanı dəstəklədiklərini bildiriblər və Dağlıq Qarabağdan məcburi köçkün edilmiş ermənilərin geri qaytarılması hüququnu vurğulayıblar. Senator Edvard Marki xüsusilə Azərbaycanda saxlanılan məhbusların azad edilməsinə və “Dağlıq Qarabağ” ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsinə çağırıb. “Biz hesab edirik ki, məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır”, - amerikalı senator bildirib. Senator Şeldon Uaythaus da öz növbəsində Ermənistanı dəstəklədiklərini qeyd edib. “Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Bu qədər erməninin deportasiya edilməsinə çox təəssüflənirik. Yumşaq desək, baş verənlərdə ermənilərin günahkar olduğuna inanmaq fikrindən uzağam”, - Uaythaus bildirib.

Dünya siyasətindən ortabab biliyə malik olan hər bir siyasi nümayədə bilir ki, 30 il əvvəl, ötən əsrin 88-ci ilində ermənilərin başlatdığı münaqişə nəticəsində 300 min azərbaycan əsilli Ermənistan vətəndaşı qaçqın, Azərbaycanın yeddi rayonundan və Qarabağdan isə 700 min Azərbaycan vətəndaşı məcburi köçkün düşüb. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən 30 il işğalda saxlanılıb. Həmin dövr ərzində Amerikanın müxtəlif səviyyəli bəyanatları olub ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Baxmayaraq ki, ərazisinin bir hisəsi Ermənistanın işğalı altındadır. Bununla yanaşı, BMT-nin dörd qətnaməsi var ki, orada Ermənistandan işğal etdiyi Azərbaycan ərazisindən çıxmaq tələb edilir. Azərbaycanın çəkdiyi maddi zərərlərin həcmi yüz milyardlarla dollar həcmindədir. Hazırda bu istiqamətdə ciddi iş gedir və yaxın gələcəkdə Ermənistan dövlətı üzərinə beynəlxalq ədalət məhkəməsi tərəfindən ağır təzminat yüklənəcək. Mənəvi zərərə gəldikdə isə, bunun həcmini təsəvvür etmək mümkün deyil. Bir milyon insan yurd-yuvasından, var-dövlətindən məhrum edilib, dörd minə yaxın insan itkin düşüb. İndiyə qədər də Ermənistan itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycanla səmimi əməkdaşlıq etmək istəmir. Bu münaqişə ərzində 30 mindən çox azərbaycanlı həlak olub. Qarabağın hər bir kəndində ermənilər insanlığa sığmayan faciələr törədib. Azərbaycanın Xocali, Kərkicahan, Malıbəyli və sair faciələri dünya ictimaiyyətinə bəllidir. 44 günlük Vətən müharibəsi zamanı dəfələrlə müharibə meydanından xeyli uzaqda yerləşən şəhər və kəndlərimizin qatil ermənilər tərəfindən raket atəşinə tutularaq terrora məruz qalmasını, mülki vətəndaşlarımızın qətl edilməsini bütün dünya görürdü. Lakin beynəlxalq ictimaiyyət Xocalı hadisələrində olduğu kimi, Ermənistan və separatçıların Gəncədə də soyqırımı törətməsinə, Bərdədə, Tərtərdə və digər yaşayış yerlərimizdə insanlarımızı qətl etməsinə səsini çıxarmadı. Baxmayaraq ki, uşaq qatili Serjik Sarkisyanın davamçısı, qondarma rejimin cinayətkar başçısı Araik Arutyunyan 2020-ci ildə Gəncə şəhərini vur əmrini verdiyini, Azərbaycanın digər böyük şəhərlərinə də zərbə endirəcəklərini həyasızlıqla, ağzı köpüklənə-köpüklənə, "fəxrlə" videokamera önündə etiraf etmişdi. Azərbaycan dövləti dəfələrlə Ermənistan və onun himayə etdiyi qondarma qurumun xalqımıza qarşı törətdiyi cinayətləri faktlarla beynəlxalq təşkilatların diqqətinə çatdırıb, lakin bununla bağlı Ermənistana hər hansı sanksiyalar tətbiq edilməyib, qondarma qurumun özünü buraxması ilə bağlı hansısa təzyiqlər edilməyib. Elə bu cəzasızlıq mühitindən yararlanan Ermənistan və separatçılar azərbaycanlılara qarşı cinayət əməllərini davam etdiriblər. Hazırda Azərbaycanda həbsdə olan separatçılar de-yure Azərbaycan vətəndaşları sayılırlar. Həmin ünsürlər cinayətləri Azərbaycan ərazisində törədiblər. Onların beynəlxalq müdafiəsi mümkünsüzdür. Çünki onlar terror fəaliyyəti göstərib, qanunsuz silahlı dəstələr saxlayıb, dinc sakinlərin qətlində iştirak edib, habelə Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı çıxıblar. Onları müdafiə edənlər terror, qanunsuz silahlı dəstələrin saxlanılmasını və dinc sakinlərin qətlini dəstəkləmiş olurlar. ABŞ senatorlarının bütün bunlardan bixəbər olması mümkün deyil. Elə isə bu senatorlar nədən işğalçı, terrorçulari himayə edən, onları "qəhrəman" adlandıran Ermənistanı müdafiə edir?

İkiüzlülük və riyakarlıq…budur cavab. Bəli, Amerika siyasətində haqq-ədalət, mərhəmət və digər humanist hisslər çoxdan arxa plana keçib. İndi həmin humanist hissləri Amerikada yalnız pul əvəz edir. Amerika senatorları və digər siyasətçiləri qlobal mənada siyasi alverlə məşğuldur. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istər hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb və hazırda da görməkdədir. ABŞ-ın Cənubi Qafqazda erməni milliyyətçiliyini diri saxlamaq niyyəti reallaşmayacaq və hər bir halda itirən özü olacaq. Ölkənin rəsmi dairələri, eyni zamanda, “erməni sevdası” ilə xəstələnmiş konqresmenləri, senatorları unutmamalıdırlar ki, Azərbaycan keçmiş SSRİ-nin süqutundan sonra Qərbin regionda möhkəmlənməsi baxımından ən praktik addım atmış ölkədir. Tarixin heç bir dövründə Qərb, o cümlədən ABŞ kapitalının Cənubi Qafqazdakı təmsilçiliyi indiki səviyyədə olmayıb. Ona görə hazırkı durumda Amerika “beyin strateqlərinin” Ermənistan üzərinə yatırmaq istədikləri siyasi sərmayə boş və mənasızdır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
60
50
ikisahil.az

10Mənbələr