AZ

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...

Ümumdünya Televiziya Günüdür

Gündəlik həyatımızda müxtəlif saatlarda televiziya verilişlərinə baxmalı oluruq. Dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. Televiziyanın ixtirasından uzun illər keçsə də, “sehrli qutu” öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir.

Artıq 28 ildir ki, noyabrın 21-i Ümumdünya Televiziya Günü kimi qeyd olunur. Belə ki, 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatı üzv ölkələri Beynəlxalq Televiziya Gününü qeyd etməyə çağırıb. Bunun üçün Birinci Dünya Televiziya Forumunun keçirilmə tarixi noyabrın 21-i seçilib. BMT-nin illik təşəbbüsü çərçivəsində, bu gün dünyanın hər yerindən televiziya stansiyaları birləşərək insanların həyatında televiziyanın gücünü xatırlatmaq üçün 30 saniyəlik videoçarx nümayiş etdirirlər.

Dünyada ilk televiziya verilişi 1936-cı ildə Londonda olub. Nəsillərin yaddaşında həkk olunmuş, insanların özlərinə və dünyaya baxışlarına güclü təsir göstərən maraqlı televiziya verilişlərinin adını qeyd etmək yerinə düşər.

İnsanın aya enməsi...

ABŞ kosmik modulunun Aya enməsi, Ayın üzərində insanın atdığı ilk addımları, astronavtlar Nil Armstronq və Edvin Bazz Oldrinin yeriməsini canlı yayımda 600 milyon adam izləyib.

Bu, qlobal televiziya verilişləri yayımında dünya rekordu idi. O zaman ilk dəfə aydın oldu ki, televiziya siqnalı təkcə işıq sürətilə məlumat yayan yox, eləcə də fərqli mədəniyyətə aid insanları da birləşdirə bilən, eyni hissləri onlarda doğura bilən bir vasitədir.

Ağ-qara televiziya təsvirinin keyfiyyəti aşağı olsa da, o dövrdə bu, ən qabaqcıl texnoloji nailiyyət sayılırdı. ABŞ-da Ay proqramına start veriləndən bəri NASA Apollo kosmik gəmisinin tikintisilə yanaşı Aydan Yerə televiziya siqnalı göndərə bilən xüsusi antenna da yaradırdı.

“Live Aid” xeyriyyə konserti

Bu, tarixdə ilk dəfə telemarafon formatında keçirilmiş xeyriyyə konserti idi. Həmin telemarafona dünya əhalisinin 40 faizi yəni təxminən 2 milyard insan baxmışdı.

Telemarafonun keçirilməsi ideyasını musiqiçi və fəal Bob Geldof irəli sürmüşdü: rok ulduzlarının görünməmiş populyarlığını televiziyanın texniki imkanları ilə birləşdirib bundan pul çıxarmaq. Konsertdən əldə edilən qazanc Afrikada yoxsul əhalinin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmişdi.

Aksiya eyni zamanda iki arenada keçirilmişdi - Londonun “Wembley” stadionunda və Filadelfiyada “Kennedy” stadionunda. O zaman BBC öz verilişlərini təxirə salaraq 16 saat ərzində həmin marafon konsertini canlı yayımda translyasiya edib.

Donahue və Poznerin ABŞ-SSRİ telekörpüləri

1980-cı illərdə sovet tamaşaçının amerikalılar barədə təsəvvürlərini radikal dərəcədə dəyişən telekörpü verilişləri oldu. Telekörpülər hələ 1982-ci ildən təşkil edilməyə başlamışdı, yəni yenidənqurmaya qədər, amma dar auditoriya üçün.

Yalnız sovet jurnalisti Vladimir Pozner və amerikalı Phil Donahue verilişin aparıcıları olandan sonra bu telekörpülər ümumxalq tamaşasına çevrildi. Ən yadda qalan sayca beşinci telekörpü oldu - Leninqrad -Boston.

1986-cı il iyunun 28-də keçirilmiş həmin telekörpünün mövzusu “Qadınlar qadınlarla danışır” idi.

“Mappet show”-kuklaların televiziyada debütü

Kuklaçı və komik Jim Henson öz kuklalarını 1970-ci illərin əvvəlində yaradıb. Əvvəlcə, insanlar əvəzinə qəribə kuklaların iştirak etdiyi televiziya verilişi ideyasını ABŞ telekanalları bəyənmədi, odur ki, “Mappet show” proqramın ilk 120 verilişi yalnız Britaniyada nümayiş etdirildi.

Bu veriliş böyüklər üçün nəzərdə tutulmuşdu və musiqi, riskli zarafatlar, komediya və studiyanın qonaqları ilə müsahibələrdən ibarət idi. Verilişin aparıcısı Kermit adlı qurbağa idi. Lakin illər ötdükcə məlum oldu ki, bu qəribə personajlar tamaşaçı üçün maraqlı ola, onları sevindirə və güldürə bilər. Tədricən mappet-kuklaları digər verilişlərin, filmlərin və tamaşaların qəhramanlarına çevrildi.

“Mappet show”-nun uşaqlar üçün versiyası “Sezam küçəsi” adlı televiziya verilişi yaradıldı. Bu veriliş dünyanın 140 ölkəsində nümayiş etdirildi.

“Pole çudes”

“Pole çudes” - Sovet və Rusiya televiziyasının ən uzunömürlü proqramıdır.

Qərb televiziyasından köçürülmüş televiziya oyun formatı “ruslaşdırılaraq” ötən onillər ərzində tanınmaz dərəcədə dəyişib. Sözlərin tapılması televiktorinası bu müddət ərzində qonaqların aparıcı ilə ünsiyyət və söhbətləşmə, hədiyyələr çatdırma, tamaşaçı auditoriyasına müraciət etmə meydançasına çevrilib.

Əgər 90-cı illərin əvvəlində bu veriliş baha hədiyyə udmaq şansı verən veriliş kimi populyarlıq qazanmışdısa, illər keçdikcə tamaşaçılar bu şou vasitəsilə deyib-gülmək, ünsiyyətdə olmaq, ürək sözünü çatdırmaq, kimisə təbrik etmək imkanını daha çox dəyərləndirilməyə başladılar.

“13 stul” meyxanası...

Sosialist birliyi ölkələrinin musiqili-yumoristik proqramlarına istinad edən bu proqram sovet insanları üçün Avropaya, lap elə Şərqi Avropaya “pəncərə” açmış oldu və sosialist düşərgəsində böhran yarananda həmin verilişin ömrü bitdi.

Sovet televiziyasında ən populyar proqramlardan biri olan bu veriliş 14 il ərzində efirə çıxıb. Tamaşaçıları bu verilişdə özünə çəkən xaricilərin geyimi, rus dilində danışıq tərzi və ləhçələri idi. Bütün bunların kommunizm quruculuğu ideologiyası ilə heç bir bağlılığı yox idi.

68 illik tarix...

Azərbaycanda ilk televiziyanın yaranma günü 1956-cı ilə təsadüf edir. Belə ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

...Gözəllikləri və eybəcərlikləri ilə...

Televiziya ekranları işıqlandığı gündən insanların həyatına, cəmiyyətə ağlasığmaz yeniliklər gətirdi. İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən televiziya jurnalistikanın təsirini və miqyasını genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda eşitdiklərini ekranda seyr etməklə “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinin doğruluğuna bir daha əmin oldular. Dünya mavi ekranda özünü gördü: bütün gözəlliyi və eybəcərlikləri ilə... Qlobal dünyanı xəbər süzgəcindən keçirən televiziyalar məhz bu eybəcərliklərin aradan qaldırılması üçün bütün gücünü səfərbər edir.

Yeganə BAYRAMOVA

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr