AZ

Avropa narahatdır

ABŞ NATO-dan çəkilsə...

Aİ müdafiə immunitetini artırmaq üçün yollar axtarır - maliyyə iki dəfə artırılır

2025-ci il özünün gözləntiləri ilə Qərbi də narahat etməkdədir. Hazırki məqamda dünyanın siyasi-hərbi qütblərindən birini təşkil edən “kollektiv Qərb” daxilində haçalanma get-gedə dərinləşir. ABŞ-da yeni siyasi tərəfin iqtidara gəlməsi Qərb dövlətlərini, xüsusilə də, “köhnə qitə”nin “avrosentrist” qrupunu kompensasiya siyasəti yürütməyə vadar edir. Gələn ilin yanvarında baş tutacaq inaqurasiya mərasimindən sonra Ağ evin verdiyi qərarların altına imza atacaq Donald Trampın siyasi-hərbi anonsları isə heç də avrosentristlərin ürəyincə deyil - xüsusilə, Mərkəzi Avropada baş verənlərə nəzərən Vaşinqtonun vəd etdiyi siyasət avrosentristlərin maraqları ilə üst-üstə düşmür. Trampın Ukrayna müharibəsindən çəkiləcəyini bildirməsi və ardından NATO haqqında pessimist düşüncələr səsləndirməsi Avropanı hərəkətə gətirib.

Hərbi xərclər ildə 340 milyard dollar arta bilər...

Buna hazırlığın ilkin mərhələsi kimi qitənin lider dövlətləri müdafiə xərclərini iki dəfə artırmalı ola bilər. Donald Trampın prezidentliyi dövründə Amerikanın Avropanın təhlükəsizlik arxitekturasının təminatındakı iştirakını azaldacağını bildirməsi bununla bağlı SOS siqnalı yaradır. Bəzi beynəlxalq agentliklərin hesabatları da bunu təsdiqləyir - Avropanın ən böyük 15 NATO üzvü hərbi xərclərini ildə 340 milyard dollar artıraraq 720 milyard dollara çatdırmalı ola bilər. “Bloomberg Intelligence” analitikləri möcud vəziyyətdə Avropaya strateji rəqabəti həll etmək üçün daha çox vəsait lazım olduğunu bildirirlər. Hesabata görə, Avropanın təcili olaraq quru qoşunları üçün döyüş tanklarına, artilleriya qurğularına və piyada döyüş maşınlarına, həmçinin təchizatçı, yükdaşıyan təyyarələr və sualtı ovçular kimi dəstək maşınlarına ehtiyacı var. Analitiklər hesab edirlər ki, Avropada hərbi xərclərin artmasından “Leonardo SpA”, “Airbus SE”, “BAE Systems Plc” və “Rolls Royce Holdings Plc” kimi şirkətlər böyük fayda götürəcəklər. Qeyd edilir ki, bölgənin müdafiə sənayesi bazası, çox güman ki, qısa və ortamüddətli dövrdə lazım olan hər şeyi təmin edə bilməyəcək: “Avropalılar bir sıra büdcə xərc prioritetlərinə yenidən baxmalı ola bilər, lakin təhlükənin miqyası elədir ki, onlar buna məhəl qoymaya bilməzlər”.

Tramp əvvəlki fikrində israrlıdır...

Bəli, Donald Tramp hələ birinci prezidentliyi dövründə NATO-nu dəfələrlə sərt tənqid etmiş və təşkilatı ABŞ-ın maliyyə maraqlarına zidd qurum adlandırmışdı. O, ABŞ-ın NATO-nun müdafiə xərclərinin 70 faizindən çoxunu ödədiyini və Avropa ölkələrinin bu yükü bölüşmədiyini bildirirdi - bu bəyanatlar, xüsusilə 2018-ci ildə Brüsseldə keçirilən NATO sammitində diqqət mərkəzində olmuşdu. Tramp açıq şəkildə bəyan etmişdi ki, NATO-ya üzv ölkələr ÜDM-in ən azı 2 faizini müdafiə xərclərinə yönəltməsələr, ABŞ alyansdan çıxa bilər.

ABŞ-ın NATO-dakı rolu isə olduqca böyükdür - onun həm hərbi gücü, həm də maliyyə töhfələri bunu deməyə əsas verir. Statistika göstərir ki, ABŞ NATO büdcəsinə illik təxminən 750 milyard dollar sərf edir. Bu, NATO-ya üzv digər ölkələrin ümumi müdafiə xərclərindən daha çoxdur. ABŞ-ın bu mövqeyi xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində narahatlıq yaradır - onlar öz təhlükəsizliklərini əsasən ABŞ-ın hərbi dəstəyi ilə təmin edirlər.

Ağ ev “əlini” Ukraynadan çəksə...

ABŞ-ın Ukraynaya verdiyi hərbi və maliyyə dəstəyi müharibənin gedişində həlledici rol oynayır. 2022-ci ildən etibarən ABŞ Ukraynaya milyardlarla dollar hərbi yardım ayırıb. Bu yardım çərçivəsində HIMARS reaktiv yaylım atəşi sistemləri, “Patriot” hava hücumundan müdafiə sistemləri və böyük həcmdə döyüş sursatları təchiz edilib. Avropa ölkələri bu prosesdə də uduzur - onlar ABŞ qədər böyük maliyyə və texniki yardım göstərə bilmir. Məsələn, 2023-cü ilin sonlarına qədər:

 - Avropa İttifaqı Ukraynaya ümumi olaraq ABŞ-ın yardımının yarısından daha az hərbi yardım ayırıb;

- Polşa və Baltikyanı ölkələr ÜDM-lərinin daha yüksək faizini Ukrayna dəstəyinə yönəltsələr də, bu yardımlar miqyas baxımından ABŞ-ın dəstəyi ilə müqayisə olunmazdır.

Beləliklə, Avropa bu məsələdən də böyük narahatlıq keçirir - Trampın bildirdiyi kimi Vaşinqton Ukrayna məsələsinə münasibətdə mövqeyində yeniliklər etsə, Ukraynaya dəstəyi azaltsa, bu, Avropa ölkələrinin üzərinə “əlavə yük” qoyacaq. ABŞ-ın dəstəyinin azalması birbaşa NATO-nun kollektiv müdafiə strategiyasını sıradan çıxaracaq. Maraqlıdır ki, Tramp administrasiyası da böyük ölçüdə bu yardımların azaldılacağını, hətta kəsilə biləcəyini istisna etmir. Onlar dövlətin gəlirlərini heç də Ukraynada əsassız iddialara deyil, ölkəsi daxilində sosial layihələrə yönləndirmək niyyətindədirlər.

NATO-dakı xərc bölgüsü...

ABŞ-ın NATO-dakı rolunun azalması ehtimalı Avropa ölkələrini öz müdafiə sistemlərini yenidən nəzərdən keçirməyə məcbur edir. NATO-nun müdafiə xərcləri üzrə müəyyən etdiyi 2 faiz hədəfini çox az sayda ölkə yerinə yetirə bilib. 2023-cü ildə NATO üzv ölkələrinin müdafiə xərclərinə diqqət  yetirsək:

- ABŞ ÜDM-in 3,5 faizini (750 milyard dollar);

 - Polşa ÜDM-in 3.9 faizini (24 milyard dollar);

- Yunanıstan ÜDM-in 3.2 faizini,

 - Almaniya ÜDM-in 1.6 faizini yönləndirir - lakin hökumət bu göstəricini bu ildən artıraraq qarşıdakı dövrdə faiz nisbətini yüksəltmək istəyir;.

- Fransa isə ÜDM-in 2.1 faizini bu məqsədə “xərcləyir”. 

Bu rəqəmlər göstərir ki, xüsusilə Qərbi Avropa ölkələri ABŞ-ın NATO-dakı mövqeyindən asılıdır. ABŞ-ın

NATO-dan çəkilməsi ehtimalı Avropanı daha çox maliyyə yükü götürməyə məcbur edir. Bununla yanaşı, müdafiə xərclərinin artması iqtisadi çətinliklərlə üzləşən ölkələr üçün böyük bir problem vəd edir.

Aİ yeni yollar düşünür...

Məhz bu səbəbdəndir ki, ayrı-ayrı zamanlarda Avropa özünün kollektiv müdafiə refleksini yaratmağa cəhdlər göstərir. Son dövrlərdə Avropa İttifaqı (Aİ) çərçivəsində bir sıra yeni müdafiə təşəbbüsləri müzakirə olunmaqdadır:

- “Strateji Avtonomiya” Konsepti - Avropa liderləri müstəqil hərbi gücün qurulmasını prioritet kimi görür. Bunun çərçivəsində Aİ müdafiə büdcəsinin 5 milyard avroya qədər artırılması nəzərdə tutulur.

- Avropa Müdafiə Fondu: Bu fond 2027-ci ilə qədər 8 milyard avro məbləğində maliyyə resursu yaratmağı planlaşdırır. Məqsəd müdafiə sənayesinin inkişafını sürətləndirməkdir.

- PESCO (Daimi Strukturlu Əməkdaşlıq): Bu təşəbbüs çərçivəsində Avropa ölkələri birgə hərbi təlimlər və müdafiə layihələri həyata keçirir. PESCO-nun əsas hədəfi NATO-dan asılılığı azaltmaqdır.

- Nəhayət, ortaq Avropa Ordusu ideyası: Avropa İttifaqı daxilində uzun müddətdir müzakirə olunan bu ideya, birgə müdafiə gücünün yaradılmasını nəzərdə tutur. Lakin siyasi və texniki maneələr səbəbindən bu təşəbbüs hələ də reallaşmayıb.

Avropa, həmçinin müdafiə sənayesini gücləndirmək üçün strateji tərəfdaşlıqlar qurur. Məsələn, Fransa və Almaniya birgə 6-cı nəsil döyüş təyyarəsinin hazırlanmasına 8 milyard avro ayırıb.

Yaxın gələcəkdə...

Avropa ölkələrinin bu istiqamətdəki səyləri, ABŞ-ın NATO-dan çıxması ehtimalına qarşı kollektiv müdafiənin gücləndirilməsinə yönəlib. Lakin bu proses uzunmüddətli və bahalı olacaq, xüsusilə də iqtisadi problemlərin mövcud olduğu bir dövrdə belə bir addımın atılması Avropa üçün iqtisadi bankrot situasiyası belə yarada bilər. Prosesin hansı istiqamətə yönələcəyini isə qarşıdakı dövrdə daha açıq şəkildə görəcəyik - NATO-nun gələcəyi ABŞ və Avropa ölkələri arasında kollektiv müdafiə məsuliyyətinin daha ədalətli bölüşdürülməsindən asılı olacaq. Avropa liderləri isə NATO-dan kənar kollektiv müdafiə mexanizmlərini gücləndirmək üçün konkret addımları artıq nəzərdən keçirir...

P.İSMAYILOV

Seçilən
62
50
yeniazerbaycan.com

10Mənbələr