Erməni lobbisi autizmli Qretadan necə istifadə edir
Azərbaycan qlobal iqlim çağırışlarının müzakirə olunduğu COP29-a ev sahibliyi etməklə əslində bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan vacib bir missiyanı öz üzərinə götürüb. Bununla Azərbaycan dövləti və cəmiyyəti fəsadları getdikcə artan, daha çox insanı ölüm və ya qalım dilemması ilə üz-üzə qoyan iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyi gücləndirməyə, hər kəsin, hər bir ölkənin bu işə öz töhfəsini verməsinə nail olmağa çalışır. Bu günlərdə Bakının uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində aparılan müzakirələr, qəbul olunan qərarlar onu deməyə əsas verir ki, respublikamız məqsədlərinə çatır. Ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar, dünya liderləri Azərbaycanın COP29-a son dərəcə yüksək məsuliyyətlə hazırlaşdığını, nəticəyə nail olmaqdan ötrü böyük səy göstərdiyini xüsusi vurğulayırlar.
Ancaq belə bir məsuliyyətli dönəmdə kənarda durub çiyinlərini, necə deyərlər, dünya yükünün altına verən Azərbaycana qərəz nümayiş etdirənlər də var. Adı daim qara siyahılarda çəkilən Luis Okampo, Frank Şvabe, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ABŞ-dən olan bir sıra konqresmenlər, E.Makron iqtidarında yer alan məmurlar, Fransa parlamentinin ayrı-ayrı təmsilçiləri və digərləri bu sırada yer alırlar. İndi bu bədnam xora İsveçdən olan gənc qız - 21 yaşlı Qreta Tunberq də qoşulub. O, Bakıda COP29 keçirildiyi bir vaxtda Cənubi Qafqaz turnesinə çıxıb, əvvəlcə Tbilisidə, sonra isə İrəvanda beynəlxalq iqlim konfransına ev sahibliyi edən Azərbaycanın ünvanına yaşına və başına uyğun gəlməyən hədyanlar söyləməyə başlayıb.
Qretanın ekofəaliyyəti kimlərə isə xoş gəlsə də...
Qreta Tunberq ekofəal kimi tanınma yolunda çox sürətlə irəliləyib. Bu tarix 2018-ci ildən başlayıb. Həmin il sentyabrın 1-də 15 yaşlı isveçli məktəbli qız Qreta Tunberq səhər məktəbə getmək əvəzinə, İsveç parlamentinin qarşısına yollanır və sentyabrın 9-na təyin olunmuş seçkilərədək məktəbə getməyəcəyini, əvəzində parlament binası qarşısında aksiyalar keçirib, hamının diqqətini qlobal iqlim dəyişmələrinə təsir etməyin vacibliyinə yönəldəcəyini bəyan edir. O, siyasətçilərə çağırış edərək onları uşaqların gələcəyinə təhlükələr yaradan iqlim dəyişmələrinə qarşı təcili qaydada tədbirlər görməyə çağırırdı. Həmin ərəfədə təəccüb yaradan yalnız gənc qızın cəsarətli çıxışı olmadı, həm də hər kəs transmilli medianın bu olaya, Qretanın şəxsinə hədsiz maraq göstərməsinə təəccübləndi. Dərk olunurdu ki, hansısa gizli bir əl onu dünya ulduzuna çevirməyə çalışır. Elə əvvəllər Qretanın təhsilinə ciddi yanaşan valideynlərinin də mövqeyi dəyişmişdi. Onlar da yeniyetmənin məktəb partasını İsveçin parlamenti qarşısında keçirilən aksiyalara dəyişməsini, kitab mütaliə etməyi qəzetlərə müsahibələr verməklə əvəzləməsini loyal qarşılayırdılar. Tunberqlər ailəsini tanıyanlar bunu onların həyatında “U” dönüşü kimi səciyyələndirirdilər.
Gənc Qretanın həyatı və ekofəaliyyəti ilə bağlı suallar yaradan məqamlar yalnız onun qısa bir müddətdə dünya ulduzuna çevrilməsi ilə bağlı deyil. Müşahidə edilirdi ki, onun keçirdiyi hər ekoaksiyaya mütləq qaydada siyasi çalarlar da qatılır və bu siyasi çalarlar da heç də hər zaman obyektiv olmur. Onun səsləndirdiyi siyasi fikirlər yad notlar kimi qulaqları deşirdi. Qretanın siyasi yetkinliyinin olmadığı, fikirləri suflyor kimi təkrarladığı hər an hiss olunurdu. Yalnız seçilmiş bəzi ölkələrin Qretanın tənqid hədəfinə çevrilməsi də diqqətdən kənarda qala bilməzdi. Axı iqlim dəyişmələrindən təsirlənməyən ölkə yoxdur. Bu gün arzuolunmaz ekoloji fəsadlarla dünyanın istənilən nöqtəsində rast gəlmək mümkündür. Qreta isə ekologiya ilə bağlı tənqidlərini yalnız ayrı-ayrı ölkələrin adlarını çəkməklə əsaslandırırdı. Ortada olan reallıq o idi ki, hansısa qüvvələr Qretanı özlərinin siyasi alətinə çeviriblər. Çoxlarının görüb dilə gətirmədiyi həqiqəti Rusiya prezidenti V.Putin açıq deməkdən çəkinmədi. 2019-cu ilin oktyabrında keçirilən Rusiya Energetika Həftəsi Forumunun plenar iclası çərçivəsində, Rusiya prezidenti Qreta Tunberq haqqında sualı cavablandırarkən bildirdi ki, onun fəaliyyətinin heyranı olanlarla eyni mövqeyi bölüşmür. Putinə görə Qreta yaxşı qızdır, amma heç kim ona real həyatı izah etməmişdir. Putin əlavə etmişdir ki, uşaqların qlobal iqlim dəyişmələri kimi problemlərlə maraqlanması sevindiricidir, lakin uşaqların və yeniyetmələrin siyasi məqsədlər üçün istifadə olunması xoşa gələn hal deyil.
Zənnimizcə, çox real təsvirdir, Rusiyanın dövlət başçısı əslində bu açıqlaması ilə Qretanın gizlədildiyi pərdəni deşdi. Bəli, gənc qız indiyədək həqiqətən də siyasi məqsədlər üçün fetişləşdirilmişdi. Onun ekofəaliyyəti kimlərə isə xoş təsir bağışlasa da, bu fəaliyyətin arxasında çirkin qüvvələrin çirkin məqsədləri dayanırdı və indi də belədir.
Erməni lobbisi və Qretanın anti-Azərbaycan səslənmələri
Artıq bir neçə gündür ki, “lövbəri”ni İrəvanda salan Qreta Tunberq oradan ölkəmizdə keçirilən COP29 iqlim konfransı və Azərbaycan əleyhinə açıqlamalar verir, aksiyalar keçirir. Ölkəmizi utanmazcasına ermənilərə qarşı bəşəri və hərbi cinayətlərdə, etnik təmizləmə siyasəti aparmaqda ittiham edir, “məsuliyyətə cəlb etməyə” çağırır. Yenə də gənc qıza yaraşmayan ifadə işlətmək məcburiyyətindəyik: Bu, təxribatçı davranışdır, yalançılıqdır, riyakarlıqdır. Gənc qız belə bir riyakarlıq etməyi özünə necə rəva görə bilər? Aydın məsələdir ki, yeniyetmə qız hələ “erməni məsələsi”nin dərinliklərinə varmaq yaşında deyil. O, yenə də arxasında gizlənən qüvvələrin istəyi ilə danışır. “Ermənilərə qarşı bəşəri və hərbi cinayətlər”, “etnik təmizləmə”, “Azərbaycana məsuliyyət istənilməsi” sırf erməni lobbisinin, revanşistlərin leksikonuna daxildir. Sanki Qreta ekofəal olduğunu unudub, birdən-birə ABŞ konqresmeninə, AŞPA üzvünə, Fransa Milli Assambleyasının parlamentarisinə çevrilib. Eynən, Okamp?, Şvave kimi. Onlar da eyni leksikonda danışırlar. Okampoların, şvabelərin, qretaların arxasında dayanan əl eyni deyilmi? Əlbəttə ki, eynidir. Bu əl həmişə ən çirkin işlərdə, terrorlarda, qətllərdə görünən erməni lobbisidir.
Qreta da digərləri kimi, oxşar ssenaridən keçirilməklə erməni lobbisinin caynaqları arasına keçirilib. Bu, necə baş verib? Caliber.az-a görə, Tunberqin Ermənistana səfəri və səsləndirdiyi anti-Azərbaycan bəyanatların çox konkret izahları var. Məsələ burasındadır ki, o, 2020-ci ildə erməni əsilli Britaniya neft maqnatı şərəfinə təsis edilən Qaalust Gülbekyan mükafatının ilk laureatı olub. Tunberq 46 ölkədən 79 təşkilat və 57 şəxs daxil olmaqla, 136 namizəd arasından seçilib.
Bu fakt Tunberqin Ermənistana rəğbətini izah edə bilər. Onun Ermənistana səfəri və oradan Azərbaycana dil uzatması məntiqi olaraq 4 il əvvəl ona verilən bir milyon avro mükafata görə minnətdarlıq jesti kimi anlaşılır.
Ekofəalın daha bir əmması
Dünyaya ekofəal kimi sırınan, əslində isə bəlli dairələrin siyasi aləti rolunda çıxış edən Qreta Tunberqin daha bir əmması var. Bu da onun autizm sindromu daşıması ilə bağlıdır. “The Gardian” qəzetinin iddiasına görə, Tunberqə həkimlər “Asperger sindromu, obsesif-kompulsiv pozğunluq və selektiv mutizm” diaqnozu qoyublar. O, tez-tez təkrara yol verir, fikrini cəmləyə bilmir, özünü ələ almaqda, emosiyalarını cilovlamaqda çətinlik çəkir, müxtəlif səpkili suallara eyni cavablar verir. Qreta sosial olaraq qəbuledilməz davranış və ya rüsvay olmaq qorxusu yaşayır...
Həkimlərin Qreta Tunberqə qoyduqları diaqnoz onun konkret situasiyalarda qeyri-adekvat davranışlar sərgiləməsinə əsas ola bilər. Görünür, erməni lobbisinin təmsilçiləri də Qretanın xarakterindəki bu cəhəti nəzərə almaqla gənc qızı öz komandalarına cəlb ediblər. Belə xüsusiyyətlərə malik insanları drijor çubuğu ilə idarə etmək asandır. Hər şeydən göründüyü kimi, Qreta hələlik ona bəslənən ümidləri artıqlaması ilə doğruldur.
Mübariz ABDULLAYEV