AZ

“Zirə”nin səfər sindromu

Misli Premyer Liqasında qısamüddətli fasilə başa çatır.

Futbolinfo.az xəbər verir ki, sabah 14-cü tura start veriləcək.

Baş tutacaq bəzi matçlar yubileylə əlamətdar olacaq.

– Autsayder “Kəpəz”lə parlaq mövsüm keçirən “Araz-Naxçıvan” çempionat çərçivəsində 10-cu dəfə qarşılaşacaq. Maraqlıdır ki, geridə qalan 9 görüşdə “sülh” qeydə alınmayıb. Gəncəlilər rəqibdən ikiqat çox qələbə sevinci yaşayıblar. Evdəki bütün görüşlərdə qol vurmağı bacaran “Kəpəz” bu ana qədər naxçıvanlıları 20 dəfə məyus edib. “Araz-Naxçıvan” aktivinə 9 qol yazdırıb.

– “Səbail” “Qarabağ”a qarşı keçirdiyi son 4 oyunda xal üzü görməyib. Qəsəbə təmsilçisi axırıncı qalibiyyətini bir il iki ay əvvəl əldə edib. Ağdamlılar bütün matçlarda qol vura biliblər. “Səbail” güclü rəqibi ilə keçirdiyi 28 qarşılaşmanın cəmi 3-də qələbə qazanıb.

– “Neftçi” ilə “Zirə”nin duellərində ikincilərin kiçik üstünlüyü var. Qəsəbə komandası 14 qələbə fonunda “ağ-qaralar”a 12 dəfə məğlub olub. “Zirə”nin səfər sindromu var. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv son 4 səfər görüşündə “Neftçi”yə uduzub. Zirəlilər bu rəqibinə axırıncı dəfə səfərdə 7 il əvvəl – 2017-ci ildə qalib gəlib. Ümumiyyətlə, çempionat çərçivəsində baş tutan matçlarda “Neftçi” 38, “Zirə” 35 qol vurub.

– “Turan Tovuz”la “Sabah”ın çempionatda 10-cu dueli olacaq. Bakılılar qələbə sayında 4:3 öndədir. Ancaq tovuzlular daha çox qol vurublar – 13:12. Diqqətçəkən məqamlar “Turan Tovuz”un son 5 qarşılaşmada qol vurmaması və “Sabah”ın son 3 görüşdə qalib gəlməməsidir.

– “Sumqayıt”la “Şamaxı” 2011-ci ildən bəri Premyer Liqa çərçivəsində 44 dəfə qarşılaşıb. Səfər matçına çıxacaq “Şamaxı” 3 xalla dönməyi bacarsa, rəqibi üzərində yubiley – 20-ci qalibiyyətini əldə edəcək. “Kimyaçılar”da bu say 12-dir. Komandaların son 7 matçında meydan sahibi olan tərəf uduzmayıb. “Sumqayıt” evdə keçirdiyi axırıncı 5 görüşün hamısında qol vura bilib.

Seçilən
11
futbolinfo.az

1Mənbələr