AZ

Zəfərlər partiyası!

YAP-ın təsis konfransından 32 il ötür...

Tarixin bu günündə - 21 noyabr 1992-ci ildə ölkəmizdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Həmin tarixdən artıq 32 il ötür. YAP-ın siyasi fəaliyyətdə keçdiyi yol adi olmayıb. Yeni Azərbaycan Partiyasını fərqləndirən ən mühüm məqamlardan biri odur ki, bu partiya yarandığı vaxtdan cəmi altı ay sonra ölkənin hakim partiyasına çevrilib. Bu da dünya tarixində analoqu olmayan bir haldır. Yeni Azərbaycan Partiyası bir qrup ziyalının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən həmin insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər və bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşiblər. Xalqın Heydər Əliyevə inamı və ümidi yeni yaranan siyasi təsisatın qısa müddətdə ümumxalq partiyasına çevrilməsini və hakimiyyətə gəlməsini şərtləndirən əsas amil olub.

Azərbaycan tarixinin çox çətin dönəmində yaranan partiya

İş elə gətirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan həyatın bütün sahələrində böhran kimi səciyyələndirirən ağır çətinliklərlə üz-üzə qalıb. Dövlət idarəçiliyi iflic olmuşdu. İqtisadiyyat tamam çökmüşdü. Sosial sfera, əhalinin gün-güzəranı dözülməz dərəcədə ağır idi. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Müstəqilliyimizin itirilməsi tam real idi. Vəziyyət sağlam qüvvələri, ziyalıları narahat edirdi. Onlar çıxış yolunu Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə Heydər Əliyev ziyalıların tarixli müraciətinə cavabında vurğulayıb.

Yeni Azərbaycan Partiyasının təsis konfransı yuxarıda qeyd olunan tarixdə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.

YAP Sədri Heydər Əliyevin xilaskarlıq missiyası

Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandıqdan sonra Heydər Əliyev qısa zamanda YAP-ı inkişaf etdirdi, Özünün dediyi kimi onu “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən müəyyənləşdirilən fəaliyyət proqramında Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, milli həmrəyliyə, güclü və sosialyönümlü iqtisadiyyat quruculuğuna nail olunması, respublikanın beynəlxalq nüfuzunun artırılması  kimi mühüm məqamlar yer alırdı. Bu ideyalar bütün cəmiyyət tərəfindən dəstəkləndi və qısa müddətdə ölkənin əksər bölgələrində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Həmin dövrün çətinliklərinə yuxarıda qısa nəzər saldıq. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi və bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı.

Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı.  O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. Heydər Əliyev müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu.

Siyasi kursun varisliyi

Siyasi kursunu tez-tez dəyişən dövlətlərin təcrübəsi heç də arzuedilən deyil. Belə ölkələrin tarixində adətən geridönüşlər, inkişafda ləngimələr qaçılmaz hala gəlir. Azərbaycanın xoşbəxtliyi həm də ondadır ki, xalqımız 2003-cü ildə  Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevi ölkə Prezidenti seçib. Azərbaycanın idarəçilik sükanının arxasına keçən İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində Heydər Əliyev siyasi xəttinə sadiq qalacağına vəd verdi və ötən dövrdə biz bu vədin tam həyata keçirildiyinin şahidi olmuşuq.

YAP 2005-ci ildən İlham Əliyevin liderliyi ilə fəaliyyət göstərir. Partiyanın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında YAP-ın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Siyasi kursun varisliyinin təmin edilməsinin nəticəsidir ki, Azərbaycanda davamlı inkişaf təmin edilir, ölkəmiz hədəflərinə doğru inamlı addımlar atır. YAP Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal faktına son qoyulması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi son 200 illik tariximizdə xalqımızın qazandığı ən böyük zəfərlərdir.

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

Müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Zamanında Heydər Əliyevin rəhbərliyi ilə yaranan  partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Eyni zamanda, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli, uğurlu yol keçib, böyüyüb, möhkəmlənib. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı. Bu, digər siyasi partiyalar üçün bir örnəkdir. Bəli, ayrı-ayrı siyasi qüvvələr hakim partiya ilə rəqabət apara bilərlər. Ancaq bu mübarizə heç bir halda ümummilli ideyalara, qarşıya qoyulan hədəflərə xələl gətirməməlidir. YAP lap əvvəldən özünün konstruktiv yanaşmaları ilə bunun gözəl nümunəsini təqdim edib.

Ötən 32 ildə YAP daha da böyüyərək ölkənin bütün sosial təbəqələrini əhatə edən bir partiyaya çevrilib. Partiyanın sıralarının genişlənməsi - hazırda YAP-ın 730 354 nəfər üzvü var - bunu əyani şəkildə təsdiqləyir. YAP ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Bu baxımdan 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində keçirilən prezident və parlament seçkiləri də istisna olmadı. Yaxın vaxtlarda isə işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla ölkə ərazisində yerli özünüidarəetmə orqanlarının yaradılması məqsədilə bələdiyyə seçkiləri keçiriləcək. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyasının təmsilçiləri bələdiyyə seçkilərində də böyük çoxluqla xalqın inamını qazanacaq. “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” - deyə Prezident İlham Əliyev YAP-ın VII qurultayında söylədiyi nitqində vurğulayıb.

VII qurultay - YAP-ın inkişafında yeni mərhələ

2021-ci il 5 mart tarixində YAP-ın VII qurultayı keçirilib. Həmin qurultayda aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Onun Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi səmərəli fəaliyyəti Azərbaycanın dövlət idarəçiliyinə güclü impuls verir, xalqın iqtidara olan inamını daha da artırır. Mehriban xanım Əliyevanın təşəbbüsü və fəal səyləri sayəsində həyata vəsiqə alan müxtəlif sosial layihələr cəmiyyətdə bir qayda olaraq təqdir edilir, yüksək vətəndaş məmnunluğu yaradır.

Yeni Azərbaycan Partiyası ölkəmizdə milli birlik uğrunda yeni səhifə  açıb. YAP partiyalararası siyasi dialoqu davamlı olaraq stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi bir qayda olaraq YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Mübariz ABDULLAYEV

Seçilən
53
1
yeniazerbaycan.com

2Mənbələr