AZ

Aqrar sahədə su çatışmazlığına dairböyük plan hazırlanır - detallar

Ekspert: “Böyük aqroparklarla yanaşı, kiçik fermerlərə, pay torpağı olanlara dəstək verilməlidir”

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 Prezidentliyinin mətbuat konfransı zamanı kənd təsərrüfatı sahəsinin inkişafı üçün planlaşdırılan işlərdən danışıb. 

Nazir qeyd edib ki, Azərbaycan Paris İqlim Razılaşması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir: “Son illərdə Azərbaycan kənd təsərrüfatı sahəsinə investisiyalar cəlb etməklə bu sahənin modernləşdirilməsi istiqamətində xeyli irəliləyişlər əldə edib. Bura həm də sözügedən sahədə çalışan kadrların potensialının, eləcə də bilik və bacarıqlarının artırılmasına yönələn tədbirlərin həyata keçirilməsi, eləcə də subsidiyalaşma tədbirləri də daxildir. Biz həmçinin milli səviyyədə iqlim hədəflərinə nail olunması prosesinə töhfə verməklə, kənd təsərrüfatı sahəsində su çatışmazlığı və iqlim dəyişikliyi kimi məsələlərin həlli üzrə Milli Adaptasiya Planı hazırlayırıq. Azərbaycan əvvəlki kimi innovativ həllərin tətbiqi məqsədilə digər ölkələr tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafında son dərəcə maraqlıdır. Hesab edirik ki, kənd təsərrüfatı sahəsi hər zaman olduğu kimi iqlim dəyişikliyi problemin həlli üzrə görüləcək bütün tədbirlərin mərkəzində dayanır”.

Kənd təsərrüfatı sahəsində su çatışmazlığı böyük bir problemdir və fermerlərin, kəndlilərin, sahibkarların yaralı yeridir. Nazirin qeyd etdiyi planda nələr nəzərə alınmalıdır? Ekspertlər nə təklif edir? 

Qeyd edək ki, su çatışmazlığı həm məhsuldarlığa, həm də fermerlərin sosial-iqtisadi vəziyyətinə ciddi təsir edir. Su çatışmazlığı torpaqların şoranlaşmasına, məhsul istehsalının azalmasına və ərzaq təhlükəsizliyinə birbaşa təsir edir. İqlim dəyişikliyi nəticəsində yağıntıların azalması və su ehtiyatlarının qeyri-bərabər paylanması su çatışmazlığını daha da artırır.  Eyni zamanda suvarma sistemlərinin köhnəlmiş və qeyri-effektiv olması su itkisinə səbəb olur. Mütəxəssislər qeyd edirlər ki, torpaq kanalları ilə suvarma zamanı suyun böyük bir hissəsi buxarlanır və istifadəsiz qalır. Suvarmanın düzgün təşkil edilməməsi torpaqların şoranlaşmasına səbəb olur ki, bu da məhsuldarlığı azaldır. Su resurslarının düzgün idarə olunmaması və nəzarətsizlik sudan qeyri-qanuni istifadənin artmasına yol açır. Koordinasiyanın zəif olması səbəbindən mövcud su ehtiyatları effektiv bölüşdürülə bilmir. Damcı və çiləmə suvarma kimi müasir texnologiyalar çox az tətbiq olunur.

İqlim

 Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Çox təəssüf ki, son ötən 20 ildə aparılan işlər qeyri-effektiv olub, aqrar  sektorda tənəzzül davam edib, problemlər getdikcə kəskinləşib, ciddi irəliləyiş əldə edilməyib. Son illərdə də əsas tələbat məhsullarında, əsas ərzaq istehsalında ciddi azalmalar var, idxaldan asılılıq artır, bu demək olar ki, bütün sahələrdə, heyvandarlıq bitkiçilikdə özünü göstərir. Azərbaycanın aqrar potensialından daha azından istifadə edirik, daha çoxu arxı planda qalır. Problemlər ondan ibarətdir ki, Azərbaycanda əkinəyararlı torpaq sahələrinin 40-50  faizi artıq şoranlaşıb sıradan çıxarılıb. Vaxtında meliorasiya, kultivasiya işləri görülmədiyinə görə və düzgün suvarma sistemləri təşkil olunmadığına görə sıradan çıxıb. Kəndlər boşalır, əkinlər azalır, heyvandarlıq üçün örüş yerləri azalır, torpaqların qeyri-düzgün istifadəsində yolu verilir. Misal üçün, məhsuldar torpaqlarda hər hansı bir obyektlər tikilir, halbuki ora əkinə daha yararlıdır. Hətta əkinə yararlı torpaqlarda qəbiristanlıqlar salınır, halbuki bu əkin üçün uyğun olmayan yerlərə salınmalıdır. Çox anormal bir iş aparılıb. Burada əlavə çox ciddi problemlər var. Suvarma ilə bağlı məsələ getdikcə kəskinləşir. Son 1-2 ildə yağıntıların çoxluğu, təsadüfi təbii vəziyyətin yaranması aqrar sektoru tam məhv olmaqdan qurtardı. Halbuki bircə il quraqlıq olsa ya da yağıntılar az olsa, çox ağır vəziyyət yaranacaq. Əvvəlki illərdə də belə proseslər olmuşdu. Müəyyən strategiyalar var, amma tətbiqi çox zəifdir. Prezidentin xüsusi göstərişi,  tapşırıqları var idi, çoxlu kiçik su anbarlarının yaradılması, müxtəlif suya qənaət sistemlərindən istifadə, yeraltı su hövzələrindən istifadə,  digər su qənaətli sistemlərin qurulması, məsələn, torpaq kanallarının azaldılaraq beton kanallara keçilməsi, bunlar effektiv şəkildə edilməyib. Buna görə də biz su itkisinə görə dünyada demək olar ki, birinci yerdəyik. Ən azı üçdə bir itki var. Bu dəhşətli dərəcədə böyük rəqəmdir. Dünyada maksimal rəqəm 4-5% qəbul olunur.  30-35% ola bilməz. Bu, deməkdir ki, effektiv işlər aparılmır, ikincisi, qeyri-qanuni şəkildə sudan istifadə olunur.  Bundan əlavə, əkinçilərin çox sayda problemləri var, ciddi bürokratik əngəllər var”. 

Sosioloq əlavə edib ki, dövlət əsas siyasəti kiçik fermerlər üzərindən qurmalıdır: “Böyük aqroparklarla yanaşı, kiçik fermerlərə, pay torpağı olanlara dəstək verməlidir. Birincisi, insanlar işlə təmin olunsun, ikincisi, ölkədə çox sayda təsərrüfatlar yaransın. Böyük təsərrüfatlar onsuz da özlərini idarə edirlər, gəlirləri var. Amma kiçik təsərrüfatlar sıradan çıxır. Bu məsələlər həll olunmasa, aqrar sektorda heç bir dəyişiklik olmayacaq. Azərbaycanda lokal ekoloji böhranının qarşısını almaq olar. Bu meşələrin qırılmasının, bəzi göllərin qurumasının qarşısını almaq olar, məsələn, Hacıqabul gölü yox olmaq üzrədir”. 

Mütəxəssis əlavə edib ki, damcılı suvarma sistemləri təşviq olunmalıdır: “Bunun üçün kreditlər ayrılmalıdır. Dövlət tərəfindən bu sistemə keçmək üçün 4-5 dəfə qənaətli sudan istifadə edilməsi tapşırılmışdı, həyata keçirilmir. Son dövrlər aqrar sahədə disbalans var, sahələrdən 20 qəpiyə alınan məhsul Bakıda 2 manata satılır. Ortada dəllallar 10 dəfə artıq qazanır. Sistem elə qurulub ki,  heyvandarlar, əkinçilər zərərə düşür. Faktiki olaraq təsərrüfatdan imtina edirlər. Milyardlarla subsidiyalar ayrılır, amma effekt vermir. İrəliləyiş yoxdur. İdxaldan asılılığımız artır, regionlarda insanların məşğulluğu azalır və şəhərə axın davam edir. Çox ciddi problemlərdir ki, bir-biri ilə dolayı olaraq bağlıdır. 

Biz dünyada yalnız aqrar və aqrar sənaye sektoru ilə dünyada rəqabət apara bilərik, investisiyanı planlı şəkildə, düzgün planlaşdırma olsa böyük üstünlüklər əldə edə bilərik. Elə bir optimal sistem qurulmalıdır ki, ölkə üzrə regionların potensialına uyğun əkinlərin tətbiq olunması müəyyən olunsun, onların ixrac və daxili bazara normaları hesablansın". 

Qeyd edək ki, problemlərdən çıxış yolu kimi su istifadəsini izləmək üçün rəqəmsal nəzarət sistemləri tətbiq edilməsi də qeyd edilir. Eyni zamanda su resurslarının vahid idarəetmə sistemi yaradılaraq bütün fermerlərin bərabər şəkildə sudan istifadə etməsi təmin edilməlidir. Damcı suvarma və çiləmə sistemləri ilə bağlı ənənəvi metodlardan 60-70% daha az su sərf edir və məhsuldarlığı artırır. Dövlət bu sistemlərin tətbiqinə maliyyə dəstəyi göstərməlidir. Köhnə torpaq kanallarının beton kanallarla əvəz edilməsi su itkisini azaldacaq. Regionlarda kiçik su anbarlarının tikilməsi su ehtiyatlarını artırmağa kömək edər. Su toplama sistemləri qurularaq yağış suları təkrar istifadə üçün saxlanılmalıdır. Suvarma zamanı suyun düzgün yönləndirilməsi torpağın şoranlaşmasını azaldacaq. Şoranlaşmış torpaqlarda meliorasiya işləri aparılmalıdır. Fermerlərə müasir suvarma metodları və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı təlimlər keçirilməlidir. Aşağı faizli kredit proqramları vasitəsilə müasir suvarma texnologiyalarına keçid təşviq edilməlidir. Müasir suvarma sistemlərinin tətbiqi məhsul istehsalını artıracaq və ərzaq təhlükəsizliyini gücləndirəcək. Suvarma zamanı su itkisi azaldılaraq torpaqların şoranlaşmasının qarşısı alınacaq.

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

Seçilən
55
musavat.com

1Mənbələr