AZ

Yeni Azərbaycan Partiyası xalqa xidmət partiyasıdır




Əziz Ələkbərli,
Qərbi Azəırbaycan İcması
İdarə heyətinin sədri,
Milli Məclisin deputatı


Müasir, müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna qədəm qoymasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki rolu misilsizdir.
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 32 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işləri təqdirəlayiqdir. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Ona görə də 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi.
Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ümummilli Lider cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ümummilli Lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu, ilk növbədə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri seçildi və partiya özünün inkişafının yeni mərhələsinə qədəm qoydu.
Bu gün YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.


Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan böyük Zəfərdir.
2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin Vətən müharibəsində tarixi Qələbəsi ilə nəticələnən və ölkəmizlə bağlı dünyada yaranmış reallıqlar dövrünə təsadüf etdi. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yenilənmiş formada qədəm qoyur. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edilmiş, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə, yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmiş, eləcə də 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmuşdur.
YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir. Bütün bunların məntiqi nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan Partiyasına inamla, məhəbbətlə üz tutur, bu partiyanın sıralarında yetişir, xalqa xidmət kimi şərəfli missiyanın daşıyıcısna çevrilirlər.








Seçilən
15
aia.az

1Mənbələr