AZ

İqlim konfransında Bakının insan inkişafı təşəbbüsü

COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin də bir sıra vacib iclas və sessiyaları təşkil edilib. Bu tədbirlərdə əsas məqsəd gənclərin ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək, qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə onların rolunu artırmaqdır.

“İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” mövzusunda yüksəksəviyyəli birgə iclas COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib. Burada əsas məqsəd insan inkişafına investisiyanın iqlim dayanıqlılığının təmin edilməsinin əhəmiyyətini vurğulamaq olub. Təhsilin rolu üzrə aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi üçün “İqlim dostu” tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir. Bakı təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir.

İclas çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsi təklif edilib. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib. Həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlığı, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər də müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün vacib bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub. Yekunda Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib.

“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda təşkil edilmiş panel sessiyasında beynəlxalq ekspertlərin iştirakı ilə PISA kimi qiymətləndirmələrin şagirdlərdə ətraf mühit savadlılığının artırılmasındakı rolu ətraflı müzakirə edilib. Sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problemləri həlletmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını nəzərdə tutur.

Elm və təhsil naziri Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır. Nazirin sözlərinə görə, Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq. Panel sessiyası Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşmanın imzalanması ilə yekunlaşıb.

COP29 çərçivəsində mətbuat konfransı da təşkil edilib. Konfransda Elm və təhsil naziri Emin Əmrullayev, Səhiyyə naziri Teymur Musayev, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər. Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, hərtərəfli yanaşma şagirdlərə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir.

“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi isə iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub. Paneldə UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edilib. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirib.

Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib. İqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb. Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair irəli sürdüyü təşəbbüs barədə məlumat verən nazir həm də peşə təhsilində yaşıl bacarıqların təşviqinin də vacibliyinə toxunub.

Tədbir çərçivəsində həmçinin BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Guevara öz çıxışlarında müzakirə mövzusu ilə bağlı özəl fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.

COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti “Saïd Business School” və “Burjeel” Holdinqin təşkilatçılığı ilə “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçirilib. 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır. Müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. Qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr