AZ

Gəncədə ekoloji müzakirə

Gəncədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, şəhər icra hakimiyyəti və Ekologiya və Təbii Ehtiyatlar İnstitutu tərəfindən “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdən əvvəl Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.

Konfrans iştirakçıları əvvəlcə sərgiyə, daha sonra Ekologiya və Təbii Ehtiyatlar İnstitutu haqqında filmə tamaşa ediblər. Filmdə 40 ildən çox bir müddətdir ki, fəaliyyətini Gəncə Elm Mərkəzinin, Gəncə Regional Elmi Mərkəzin, AMEA-nın Gəncə Bölməsinin, hazırda isə Elm və Təhsil Naiirliyinin tabeyiyində davam etdirən bu institutun Azərbaycan elminə, iqtisadiyyatına və cəmiyyətinə verdiyi töhfələrdən söhbət açılır.

Respublika konfransını giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq deyib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış dəqiq inkişaf strategiyası sayəsində Azərbaycan sürətlə tərəqqi etmiş və onun beynəlxalq nüfuzu yüksəlmişdir. O, ölkəmizin evsahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişiklilyi ilə mübarizə məsələlərinə həsr olunan konfransın möhtəşəm miqyasının da bunun daha bir sübutu olduğunu qeyd edərək, həmin tədbirdə səslənən çağırışlarln alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.

Akademik Fuad Əliyev məhz bu baxımdan sənaye tullantılarının ətraf mühitə təsirlərinin neytrallaşdırılması və ya azaldılması məsələlərinin müzakirə edildiyi, həmin sahədə geniş tədqiqatlarla məşğul olan alimlərin iştirakı ilə keçirilən bu mötəbər elmi konfransın işinin və nəticələrinin faydalı olacağına inandığını bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sənubər Qocayeva, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini Mahirə Şərifova, Neft-Kimya Prosesləri İnstitutundan professor Təranə Məmmədova, kimya elmləri doktoru Füzuli Nəsirov, Aşqarlar Kimyası İnstitutundan Könül Qəhrəmanova, Bioresurslar İnstitutundan dosentlər İmran Qasımov və Aişə Süleymanova, Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan İlahə Cəfərova və başqaları çıxış ediblər.

AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərovun çıxışında alimlərimizin, elm ocaqlarımızın qarşısında dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, onların təbii resurslara, ərzaq təminatına təsiri və digər bu kimi məsələlərə toxunulub. Sonra konfransın işi 5 bölmə üzrə məruzələrlə davam edib, çıxışlar və məruzələr ətrafında fikir mübadilələri aparılıb.

Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə konfransın fəal iştirakçılarına sertifikatlar təqdim edilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
11
xalqqazeti.az

1Mənbələr