AZ

Rusiya–Ukrayna cəbhəsində savaş ritorikası güclənir

2022-ci il fevralın 24-də Rusiya hərbi kontingentinin Ukrayna ərazisinə hüçumu ilə başlanan müharibə artıq 1002-ci gündür ki, davam edir. Bu müddət ərzində münaqişə hər iki tərəfin böyük itkilər verməsinə səbəb olub.

Müharibə Ukrayna ərazisində gedir. Deməli, ən çox itkiyə də məhz bu ölkə məruz qalır. Döyüşlər başlayandan Ukrayna əhalisinin az qala dörddə biri, təxminən 10 milyona yaxın sakin öz daimi yaşayış yerini tərk etməyə vadar olub. Ukraynalı məcburi köçkünlərin 7 milyonu Avropa və Amerikaya, 3 milyonu isə Rusiyaya üz tutub.

Qeyd edək ki, 2 gün əvvəl həm Rusiya, həm də Ukrayna iqtidarı müharibənin 1000-ci günü ilə bağlı bəyanatlar veriblər. Tərəflər bir-birinə qarşı mübarizəni davam etdirəcəklərinə söz veriblər. Göründüyü kimi, barışmaz rəqiblər savaş ritorikasını gücləndirirlər. Bu, o deməkdir ki, üfüqdə sülh görünmür.

Dünən Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya aviasiyasının Sumı vilayətində gecə vaxtı pilotsuz təyyarələrinin hücumu nəticəsində biri uşaq olmaqla, 8 nəfər həlak olub. Ukrayna Hərbi Hava Qüvvələri həmin gün Rusiyanın 87 pilotsuz təyyarəsindən 51-ni vurduğunu iddia edir.

Ukrayna aviasiyası da vaxtaşırı cavab zərbələri endirir. “Reuters” agentliyi xəbər verir ki, Ukrayna Rusiya daxilindəki hədəfləri vurmaq üçün tez-tez yerli istehsal dronlarından istifadə edir. Moskva isə bu qənaətdədir ki, Ukrayna Ağ evin “xeyir-duası” ilə artıq ABŞ-nin uzaqmənzilli raketlərindən istifadə edir.

Ukrayna aviasiyası dünən Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığında, Ukrayna ilə sərhəddən 110 mil məsafədə yerləşən böyük silah anbarına zərbə endirib. Rusiyalı ekspertlərin fikrincə, bu hücum yalnız Pentaqonun verdiyi silahlardan istifadə etməklə mümkün ola bilərdi.

Bu arada məlum olub ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni nüvə doktrinasını imzalayıb. Dövlət başçısı qeyd edib ki, hər hansı bir dövlətin Rusiyaya adi hücumu belə Qərbin birgə hərbi əməliyyatı hesab olunacaq və bu, öz növbəsində adekvat nüvə reaksiyasına səbəb ola bilər.

Yeri gəlmişkən, bu bəyanat ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyadakı hərbi hədəflərə hücum etmək üçün ABŞ-dən aldığı uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməsindən bir gün sonraya təsadüf edib.

Jurnalistlər Rusiya hökumətinin sözçüsü Dmitri Peskovdan yeni nüvə doktrinasının ABŞ-nin müvafiq icazəsinə cavab olaraq verilib-verilmədiyini soruşduqda, o, bunun “vaxtında” irəli sürüldüyünü və Putinin onun “mövcud vəziyyətə uyğun” yenilənməsini istədiyini deyib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

A.Peskov deyib ki, yeni doktrinanın məqsədi potensial düşmənlərə Rusiyaya və ya onun müttəfiqlərinə hücuma görə qisas almağın qaçılmaz olduğunu başa salmaqdır. Xatırladaq ki, sənəddə həmçinin bildirilir ki, “başqa bir ölkə Moskvanın müttəfiqi Belarusa hücum etsə, Rusiya nüvə silahından istifadə edə bilər”.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi çox təhlükəli həddə çatıb. Vəziyyət hər an nəzarətdən çıxa bilər. Nəticədə bəşəriyyət qarşısıalınmaz bir fəlakətlə üz-üzə qala bilər. Amma sülh danışıqlarının baş tutacağına olan ümidlər hələ qalır. Yəqin ki, xatırlayırsınız, özünün seçkiqabağı kampaniyası zamanı Tramp dəfələrlə bu ağır münaqişəyə 24 saata son qoyacağını vəd etmişdir.

Trampın bu çətin problemi tez və rahat həll edəcəyinə şübhə edənlər də az deyil. Belə ki, Rusiya ələ keçirdiyi torpaqlardan, ilk növbədə Donetsk və Luqansk vilayətlərindən əl çəkməyi ağlına belə gətirmir. Üstəlik, Ukraynanın cənubunda da əlavə ərazilər ələ keçirilib. Kreml üçün Krımın geri qaytarılması isə ümumiyyətlə müzakirə mövzusu ola bilməz.

Ukrayna hakimiyyəti isə öz ərazi bütövlüyünü qorumaqda israrlıdır. Ekspertlər düşünürlər ki, münaqişə zonasında hazırda olduqca gərbin hərbi, ictimai-siyasi və psixoloji durum yarandığından, rəqibləri prinsipial məsələlərdə güzəştə getməyə vadar etmək heç də asan olmayacaq. Ən azı hər iki ölkədə mövcud ictimai rəy buna hazır deyil.

Şahbaz MUSAYEV,
Bakı Slavyan Universitetinin professoru

– Müharibənin taleyi, təbii ki, ilk növbədə döyüş meydanında həll olunur. Son aylar cəbhənin bir çox istiqamətlərində Rusiyanın aşkar hərbi üstünlüyü hiss olunur. Ciddi uğurlar əldə etməsələr də, Rusiya hərbçiləri irəliləməkdə davam edirlər.

Rusiyanın təkcə hərbi, iqtisadi deyil, insan resursları da Ukraynadan dəfələrlə çoxdur. Kiyevdəki bir çox siyasi dairələr başa düşürlər ki, yaxın aylar, hətta illər ərzində bu ölkənin öz torpaqlarını hərbi yolla geri qaytarmaq şansı çox azdır.

Sülh sazişləri bir qayda olaraq zəif tərəfin güzəştləri hesabına bağlanılır. Burada istər-istəməz zəif bənd Ukraynadır. Fikrimcə, D.Tramp da, ilk növbədə Ukraynanın daha çox güzəştə getməyə məcbur etməyə çalışacaq.

Bütün hallarda Ağ evin həm köhnə, həm də yeni iqtidarı Rusiya-Ukrayna münaqişəsinin mümkün qədər tez bitməsini istəyir. Çünki, ABŞ özünün ən əss rəqibi olan Çinlə haqq-hesabı mümkün qədər tez öz xeyrinə başa çatdırmaq niyyətindədir. Bunun üçün Vaşinqtona Moskva ilə Pekinin “yaxınlaşması” heç cür sərf eləmir.

Tarixdə bütün qanlı savaşlar sülhlə başa çatıb. Hazırda ruslar və ukraynalıların da da sülhə gəlməkdən başqa çarələri qalmayıb. Necə deyərlər, ən kövrək sülh qanlı savaşlardan üstündür. Ümid edək ki, bərəkətli Ukrayna torpaqlarında qanlı döyüşlər, nəhayət başa çatacaq və hər iki slavyan xalqı bu mənasız münaqişəni davam etdirməkdən vaz keçəcək.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
16
50
xalqqazeti.az

10Mənbələr