AZ

Kral Kollecinin üzvü olan ilk azərbaycanlı

Müsahibimiz Azərbaycanı Böyük Britaniyada layiqincə təmsil edən soydaşımız Fidan İsrafilbəylidir. Öncə həmyerlimizin tərcümeyi-halını öz dilindən eşidək:

– Bakıda anadan olmuşam və 164 nömrəli orta məktəbdə təhsil almışam. Hələ məktəb illərindən ingilis dilini yaxşı öyrənmişəm. Sovet dövrü olduğu üçün məktəblərdə ingilis dili çox tədris edilmirdi, lakin bizim məktəb xüsusi statusa malik idi və bir neçə fənn ingilis dilində keçirilirdi.

1993-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmağa qərar verdim. 1999-cu ildə universiteti bitirdim və mama-ginekologiyaya maraq göstərdim. Bu səbəbdən, internaturamı mama-ginekologiya ixtisası üzrə respublika xəstəxanasında 2000-ci ildə tamamladım.

Universitetin son illərində Böyük Britaniyada həkim kimi çalışa bilmək üçün PLAB imtahanlarına hazırlaşmağa başladım. PLAB imtahanları iki hissədən ibarət olub, Böyük Britaniyada tibb sahəsində işləmək imkanı verir. 2003-cü ildə PLAB imtahanlarını uğurla verdikdən sonra klinik təcrübə üçün Böyük Britaniyaya gəldim və Kolçesterdə, Britaniyanın ən qədim şəhərlərindən birində mama-ginekologiya şöbəsində işə başladım. O vaxtdan etibarən müxtəlif şəhər və qəsəbələrdə çalışmışam, son iş yerim isə Birmingem şəhəri oldu. Orada mama-ginekologiya üzrə təhsilimi davam etdirərək, 2018-ci ildə məsləhətçi – həkim oldum.

Beləliklə, mama-ginekologiya sahəsində ixtisaslaşmışam və uroginikologiyaya xüsusi marağım var. Azərbaycanda PhD işimi tamamladım və 2009-cu ildə bu işi uğurla müdafiə etdim. 2018-ci ildə isə Birmingem Universitetindən tibb elmləri doktoru dərəcəsini qazandım. Mən COTS (cerclage outcome by the type of suture material) adlı pilot tədqiqatını həyata keçirdim və bu araşdırma nəticəsində 2,5 milyon funt– sterlinq dəyərində qrant əldə edildi. Bu, NIHR tərəfindən maliyyələşdirilən "Stitch" adlı genişmiqyaslı tədqiqatın əsasını qoydu və bununla fəxr edirəm. Bir çox elmi məqalələrim dərc olunub və hazırda çoxmərkəzli, randomizə edilmiş “C-STICH 2” adlı daha böyük bir tədqiqatın baş tədqiqatçısıyam. İki övladım var.

– Fidan xanım, yetərincə sanballı tərcümeyi-halınız var. İngiltərə kimi inkişaf etmiş Avropa ölkəsində tibb sahəsində kifayət qədər ciddi uğurlar qazanmısınız. Bəs necə oldu ki, həkimlik kimi ağır və dəqiqlik tələb edən sahəni seçdiniz?

– Həkim olmağı və həyatımı tibb sahəsinə həsr etməyi seçməyim, əslində, heç də təəccüblü deyil. Ailəmizdə nəsillərdir davam edən bir həkimlik ənənəsi var. Bu yolda, təxminən, üç nəsil öncədən başlayaraq, xüsusilə anam tərəfdən ulu babam Mövsüm Qədirlini qeyd etmək istərdim. O, 1922-ci ildə Azərbaycan Respublikasının ilk Səhiyyə naziri və eyni zamanda, Azərbaycan Tibb İnstitutunun ilk rektoru olub. Azərbaycan Tibb İnstitutunun yaradılmasında böyük rol oynamış babamı, təəssüf ki, 1937-ci ildə repressiyaya məruz qalıb və haqqında güllələnmə qərarı çıxarılıb. Digər ulu babam isə professor Emin Əfəndiyev olub. Bu gün Bakıda mərkəzi xəstəxanalardan biri onun adını daşıyır. İstisu kurortunun təşkil edənlərdən biri də məhz Emin Əfəndiyev olmuşdur. O sanator-kurort təbabətinin inkişafına mühüm töhfələr vermişdir.

Əlbəttə, bütün bunlar mənim genetik kodlarımdır. Amma həyatımı tibbə həsr etməyimdə və ən fundamental qərarlarımda ən böyük təsir sahibi nənəm, professor Solmaz İsrafilbəyli olub. Ötən il dünyasını dəyişən nənəm Azərbaycanda çox tanınmış həkim idi. O, Azərbaycan Həkimləri Təkmiləşdirmə İnstitutunda mama-ginekologiya kafedrasinin müdiri və bu sahədə görkəmli bir ginekoloq kimi nüfuz qazanıb. Ümumiyyətlə, mənim mama-ginekoloq olma qərarım, onun güclü xarakteri, sevgidolu yanaşması və ixtisasına olan hədsiz sevgisi sayəsində formalaşdı. Tələbə olarkən onunla birlikdə əməliyyatlara qatılmağa başlamışdım və bu sahəyə daha çox marağım da orada yaranmışdı.

– İngiltərədə həkim işləmək bildiyim qədərilə çətindir və tələblər çoxdur. Bir azərbaycanlı xanım bunun öhdəsindən necə gələ bildi?

– Xarici həkimlərin Böyük Britaniya sisteminə daxil olub tibb sahəsində çalışmağa başlaması hər zaman çətin olub. Lakin burada səhiyyə sistemi əsasən xarici həkimlərə güvənir. Hazırda yollar daha aydınlaşır və Azərbaycandan daha çox həkimin Birləşmiş Krallıqda çalışmağa gəldiyini görmək məni sevindirir. Lakin iyirmi il əvvəl İngiltərəyə gəldiyim və Azərbaycan Respublikasından ilk dəfə GMC-yə (Səhiyyə Nazirliyinə bərabər bir qurum) qeydiyyatdan keçən həkim olduğum dövrdə bu işlər müşkül idi.

İlk növbədə, Birləşmiş Krallıqda həkim kimi işləyə biləcəyinizi sübut etmək üçün bir çox imtahanlardan keçməli idim. Sonra isə iş tapmaq məsələsi gəlirdi və istənilən ixtisas sahəsində iş tapmaq şanslı bir hal sayılırdı. İngiltərədə ənənəvi olaraq Hindistan və Pakistandan çox sayda həkim var və onlar bir-birini dəstəkləyərək doğru yolları göstərirlər. Mən İngiltərəyə gəldiyim vaxtda bu dəstəyim yox idi və bütün lazımi imtahanları keçsəm də, ilk işimi tapmaqda həqiqətən çətinlik çəkdim. Şansım onda gətirdi ki, Təbrizdən bir həkimlə tanış oldum və o, məni yerli xəstəxanada ginekologiya şöbəsində iki həftəlik müşahidəçi kimi çalışmağa kömək etdi. Xəstəxanadakı kollektiv işimi bəyəndi və mənə dərhal iş təklif etdilər. Beləliklə, iyirmi ildən çox müddətdə İngiltərədə mama-ginekologiya sahəsində çalışdım. Bu yolda klinik iyerarxiyanın zirvəsinə qalxmaq və sahəmdə məsləhətçi (consultant) olmaq üçün əlavə peşəkar imtahanlar verməli oldum. Bu əhəmiyyətli imtahanlardan biri isə Mama-Ginekoloqlar Kral Kollecinin üzvü olmaq idi və həmin titulu əldə edən ilk azərbaycanlı həkim olmaqdan qürur duyuram.

Ginekologiya sahəsində çalışmaq heç də asan deyildi, xüsusilə qadın olduğum üçün. Əvvəllər mamaçalar və tibb bacıları ilə bəzi anlaşılmazlıqlar yaşadım, lakin onların baxışlarına hörmət etməyi və bir komanda olaraq birlikdə çalışmağı öyrəndim. Burada komanda işi çox vacibdir. Mamaçalar müstəqil tibb işçiləridir və bu, Bakıda işlədiyim yerdən çox fərqlidir.

– Deməli, bu qədər tələbkar sistem olmağına baxmayaraq, sizə güvənməkdə səhv etməyiblər…

– Əlbəttə… Britaniya tibb sistemi mənim kimi xarici həkimlərə böyük ölçüdə güvənir, buna görə də bu baxımdan unikal deyildim. Ancaq mən “eqzotik” bir həkim sayılırdım, çünki mən yerli insanlar üçün tamamilə tanınmayan bir ölkədən gəlmişdim. Lakin artıq Azərbaycan çox inkişaf edib və beynəlxalq səviyyədə, xüsusilə Britaniyada yaxşı tanınır.

– Fidan xanım, siz həm də tarixçi ailəsində böyümüsünüz. Ananız cumhuriyyət dövrümüzü tədqiq edən alimlərimizdən biridir. Bu, sizin formalaşmağınıza təsir göstəribmi?

– Bəli, doğrudur. Anam tariximizi sevən və ona ömür boyu xidmət göstərən alimlərimizdəndir. Təsadüfi deyildir ki, o, 30 il AMEA-nın Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Mən hələ erkən sovet dövrünə, xüsusən 1937-ci ildə Stalin repressiyalarına böyük maraq göstərirdim və bunun bir səbəbi var idi. O dövrdə ailəmiz böyük faciə ilə üzləşmişdi. Əvvəl qeyd etdiyim kimi, ulu babam Mövsüm Qədirli Stalin repressiyalarının qurbanı olmuş və qətlə yetirilmişdi. Onun həyatı ailəvi söhbətlərimizdə çox müzakirə olunurdu. Bizim hər bazar günü nahar ənənəmiz var idi, həmin vaxt babam Emin Əfəndiyev masanın başında oturardı, bütün ailə isə masanın ətrafına yığılardı. Nənəm Şamaxı mətbəxindən ləziz xörəklər hazırlayardı. Babamız isə bizə ailəmizin tarixi, xüsusilə 1937-ci illə bağlı – çətin dövr barədə danışardı. Uşaq vaxtı bu hekayələri dinləyirdim və həmin marağı saxlayaraq o dövrün tarixi barədə çoxlu mütaliə etdim. Əlbəttə, bu söhbətlər mənim düşüncəmdə, formalaşmağımda, şəcərəmə, kökümə bağlılığımı artırırdı. Bu biliklər həm də Azərbaycanın tarixi idi. Mən bunları öyrənməyə bilməzdim.

– Haqqınızda çox müsbət fikirlər eşidirik. Siz orada həmvətənlərimizə təmənnasız kömək göstərirsiniz. Vətənpərvərsiniz, İngilis cəmiyyətində bizi layiqincə təmsil edirsiniz…

– Xaricdə yaşayan bir azərbaycanlı kimi, mən də ölkəmə uzaqdan da olsa dəstək olmağa çalışıram. Bunu əsasən Azərbaycanın Birləşmiş Krallıqdakı diasporunun üzvü kimi edirəm. Diasporun ölkəmiz üçün gördüyü bütün layihələrə gücüm çatdığı qədər kömək etməyə çalışıram. Məsələn, İkinci Qarabağ müharibəsində qəhrəman əsgərlərimizə həm maddi, həm də mənəvi yardım göstərməyə çalışdıq. Ölkəmizin haqlı mübarizəsində təbliğat apararaq, Qarabağ müharibəsi ilə bağlı həqiqətləri burada yaşayan yerli insanlara izah etməyə çalışdıq. Müharibədən sonra da qazilərimizə gücümüz çatan qədər dəstək olmağa çalışırıq. Əlbəttə, məncə, hər bir azərbaycanlı qanı daşıyan şəxs bunu etməyə tələsməli, yaxasını kənara çəkməməlidir.

Bundan əlavə, Birləşmiş Krallığa yeni gələn gənc həmkarlarıma da dəstək olmağa çalışıram. Onların iş tapmasında və burada uyğunlaşmasında əlimdən gələni etməyə səy göstərirəm.

– Siz həm də tibb sahəsində elmi tədqiqatlarla məşğul olan mütəxəssissiniz. Britaniyadakı təcrübəniz ilə yanaşsaq, Azərbaycan səhiyyə sistemində nələrin olmasını arzu edərdiniz ?

– Bu gün Azərbaycanda səhiyyə sistemi inkişaf etməkdədir. Yeni, müasir avadanlıqlar alınır. Əlbəttə, bu məni sevindirməyə bilməz. Amma öz sahəm olduğu üçün dəqiq deyə bilərəm ki, Mama-Ginekoloqlar Cəmiyyətini bərpa etməyi tövsiyə edərdim. Nənəm, professor Solmaz İsfrailbəyli uzun illər bu cəmiyyətin rəhbəri olub. Daha əvvəl qeyd etdiyim kimi, Birləşmiş Krallıqda mama – ginekoloqlar üçün Kral Kolleci tənzimləyici qurum olaraq qalır. Fikrimcə, Azərbaycan Mama-Ginekoloqlar Cəmiyyəti də bu sahədə qayğı standartlarını inkişaf etdirən bir tənzimləyici qurum ola bilər və bu, ilk addım olardı. Hazırda əksər həkimlər, xüsusilə özəl xəstəxanalarda işləyənlər, özləri üçün ən uyğun olanı və ya gəlir gətirə biləcək addımları atmağa meyillidirlər.

Bundan əlavə, tibb sahəsində aparılan tədqiqatlar üçün standartların yaradılması ilə bağlı ideyalarım var. 2009-cu ildə Azərbaycanda PhD dərəcəsini tamamladım və 2018-ci ildə İngiltərədə geniş bir tədqiqat apararaq Birmingem Universitetindən tibb elmləri doktoru dərəcəsini aldım. Mama-ginekologiya sahəsində üç il davam edən bir tədqiqat aparmalı və dissertasiya yazaraq müdafiə etməli idim. İngiltərədəki tədqiqat təcrübəm, Bakıda etdiyim araşdırmadan tamamilə fərqli idi. Gələcəkdə tibbi tədqiqatlar üzrə standartların beynəlxalq səviyyəyə uyğunlaşdırılmasını istərdim.

Hər bir tibb sahəsinin və ümumilikdə, tibbin uğuru hər bir ölkədə standartlaşdırılmış nəticələrə görə qiymətləndirilir. Adətən, bu nəticələrdən 7-si əsas götürülür. Məsələn, ölüm nisbəti, gözlənilən yaşı, xidmətin effektivliyi və s.

Mama-ginekologiya sahəsində əsas standartlaşdırılmış nəticələrdən biri ana və perinatal ölüm nisbətidir. Təəssüf ki, Azərbaycanda ana ölümü hələ də yüksəkdir və bu göstərici üzrə ölkə hələ də üçüncü dünya ölkələri siyahısındadır. Və Amerika Birləşmiş Ştatları da o qrupdadir. Qadınlar hələ də doğuş zamanı, əsas səbəbi doğuşdan sonrakı qanaxma olmaqla, həyatlarını itirirlər və bu, çox kədərlidir.

Amma bunu da deməliyəm ki, Bakıya səfər zamanı müxtəlif konfranslarda və kurslarda iştirak edərkən, yerli ginekoloqların təhsil və bilik səviyyəsinin hətta 10 il əvvəlkindən çox daha yaxşı olduğunu görməkdən məmnunam. Onlar daha çox öyrənməyə can atırlar, bir qismi isə xaricdə təlim keçir və müəyyən bacarıqlara yiyələnir. Verdikləri tibbi xidmətin səviyyəsi çox vaxt beynəlxalq standartlara uyğundur. Artıq müasir infrastrukturla təmin olunmuş daha çox sayda xəstəxanalar mövcuddur.

Buna baxmayaraq, vahidlik, sahə üzrə tənzimləyici qurumlar yoxdur. Məsələn, Birləşmiş Krallıqda hər bir doğum şöbəsi RCOG, NICE və Səhiyyə Nazirliyi tərəfindən nəşr olunan rəhbərlik və standartlara uyğun fəaliyyət göstərir. Onlar hamısı elmi sübutlara əsaslanır və biz onlara ciddi şəkildə əməl etməliyik. Əgər kənara çıxsaq, bunu əsaslandırmağımız tələb olunur. Təcrübəmiz bu standartlar vasitəsilə ciddi şəkildə tənzimlənir və bunun nəticəsində perinatal və xüsusilə ana ölümü nisbəti çox aşağıdır. Digər maraqlı məqam isə odur ki, Birləşmiş Krallıqda, məsələn, uşağın dünyaya gətirilməsi və ya ginekoloji əməliyyatın harada aparılmasının əhəmiyyəti yoxdur: bu, Londonda, Birmingemdə və ya Şimaldakı kiçik bir şəhərdə də ola bilər. Baxım standartı hər yerdə eynidir, lakin fərq tədqiqat fondu əldə etmək və mürəkkəb hallar üzrə idarəetmə baxımından ortaya çıxır ki, bu cür hallar, adətən, üçüncü səviyyəli mərkəzlərə yönəldilir (universitet xəstəxanaları).

– İstərdik Böyük Britaniyanın səhiyyə sistemi barədə söhbət açasınız. Dünya səhiyyə sistemində yaşadığınız ölkənin yerini və rolunu necə qiymətləndirirsiniz?

– Bu sualın, əslində, obyektiv və subyektiv cavabları mövcuddur. Obyektiv şəkildə qiymətləndirmək üçün geriyə dönüb aparılan tədqiqatlara baxmaq lazımdır. Qlobal standartlara görə, NHS (Milli Səhiyyə Xidməti) yüksək səviyyədə xidmət göstərir. Birləşmiş Krallığın səhiyyə sistemi 2024 Dünya Sağlamlıq İnnovasiya İndeksində ümumi reytinq üzrə 18-ci sırada qərarlaşıb. 2013-cü ildə keçirilən bir sorğuda bu xidmət britaniyalıları ən çox qürurlandıran amillər sırasında birinci yerdə göstərilmişdi. NHS daim xidmətlərini yaxşılaşdırmağa çalışır.

Ümumiyyətlə, NHS Birləşmiş Krallığın hər bir regionunda səhiyyə xərclərini standartlaşdırır. Bir çox xidmət, o cümlədən xəstəxanada müalicə alan xəstələr üçün təyin olunan dərmanlar pulsuzdur. Bundan əlavə olaraq səhiyyə sistemi sosial təminat sistemi ilə sıx əlaqəlidir. Burada əsas məqsəd yalnız xəstəni müalicə etmək deyil, eyni zamanda, onun sonrakı reabilitasiya mərhələsində dəstək göstərməkdir. Zərurət yarandıqda, xəstənin qocalar evinə və ya onkoloji xəstələr üçün baxım evinə yerləşdirilməsini təmin etmək, həm tibbi, həm də sosial xidmətləri təşkil etmək önəmlidir.

Bir həkim olaraq mənim müşahidələrim isə belədir: burada tibb fakültələri yüksək səviyyədədir və eyni zamanda, rezident həkimlərin təhsili də xüsusi diqqətlə aparılır. Bütün bunların nəticəsində xəstələrə keyfiyyətli xidmət göstərilə bilir. NHS-in zəif tərəfi kimi isə xəstələrin tibbi xidmət almaq üçün uzun gözləmə müddətləri ilə üzləşdiyini qeyd edə bilərəm.

Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr