AZ

Heydər Əliyev yolunun uğurlu davamı

Azərbaycanın siyasi tarixində böyük rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. YAP xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi vətəndaş qarşıdurmasına məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis olunması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Müstəqilliyimizin ilk illərində respublikada cərəyan edən proseslər orta və yaşlı nəslin yadındadır. Hakimiyyətə yiyələnmiş qaragüruh qüvvələrin dövlətin idarəedilməsindəki naşılıqları, qüsurları, o cümlədən xəyanətə yol vermələri Azərbaycanın müstəqil dövlət kimi gələcəyini sual altında qoymuşdu. Hətta Azərbaycanın parçalanması ilə bağlı çirkin ssenarilər işə salınmışdı. Bütün bunlar ölkə vətəndaşlarını dərindən narahat edirdi və hər kəs Azərbaycanı yalnız Heydər Əliyevin xilas edəcəyinə inanırdı.

Bu baxımdan ölkəni böhrandan çıxarmağa qadir yeganə siyasətçi olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi partiyanın yaranması həmin dövrün, zamanın tələbi idi. Məhz belə bir vaxtda yaranan YAP tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən siyasi meydana daxil oldu. YAP müxalifət partiyası kimi yaranmışdı. Lakin YAP bugünkü bəzi siyasi qruplar kimi dövlətə və xalqa qarşı müxalifətdə deyildi. YAP o dövrdə Azərbaycanı dərin siyasi, iqtisadi, hərbi böhrana salan, ölkəni parçalanmağa doğru aparan qüvvələrə qarşı müxalifətdə idi. Ona görə YAP yarandığı ilk gündən xalqın bütün təbəqələrinin böyük rəğbətini qazandı, qısa müddətdə onun sıralarına on minlərlə insan qoşuldu. Bütün bunların nəticəsi kimi YAP təsis olunduqdan qısa müddət sonra hakim partiyaya çevrildi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdışı YAP-ın da fəaliyyət istiqamətlərinə mühüm təsir göstərdi. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin respublikamızın prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. YAP ümummilli vəzifələrin həyata keçirilməsinə, o cümlədən dövlət quruculuğuna böyük töhfələr verdi.  Hakim partiyaya çevrilən YAP həm də Ümummilli Liderin ideyasının məhsulu kimi Azərbaycan cəmiyyətinin avanqard siyasi qüvvəsi olaraq özünü göstərdi.

Ümummilli Lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ali prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə alıb.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilən III Qurultayında YAP-ın Sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrildi. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi oluruq. Bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 730 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.

Böyük məmnunluqla qeyd etməliyik ki, YAP ölkəmizdə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb. Bu insanlar vahid azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. O cümlədən yüksək intellektli gənclərin YAP sıralarında birləşməsi bizim gücümüzü artırmaqla yanaşı, partiyanın gələcəyi üçün də mühüm amildir.

Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, bütün məsələlərdə milli maraqları rəhbər tutan YAP həm də hər bir situasiyaya hazır olan partiyadır. Ona görə də hər zaman bütün məsələlərə, o cümlədən seçkilərə hazırdır və bütün seçkilərdə qələbə qazanır. Partiyamız həm kəmiyyət, həm keyfiyyət, həm də yerli strukturların mükəmməlliyi baxımından çox güclüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi bütün uğurlar həm də YAP-ın nailiyyətləridir. Bu baxımdan həm ötən 21 ildə Azərbaycanın nail olduğu iqtisadi inkişaf, həm də torpaqlarımızın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin arzularının, YAP-ın məqsəd və məramlarının həyata vəsiqə alması deməkdir.

Uğurlarımız isə davamlıdır. Bu günlərdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da təsdiq edir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranmış yeni tarixi reallıqda da respublikamız mühüm nailiyyətlərə imza atacaq. Əlbəttə, bu prosesdə YAP üzvləri də fəallıq nümayiş etdirəcək, Azərbaycanın inkişafına layiqli töhfələrini verməkdə davam edəcəklər. 

Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə partiyamızın bütün üzvlərini təbrik edir, respublikamızın daha da inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində onlara uğurlar arzu edirəm.

Mübariz Qurbanlı,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Seçilən
16
1
ikisahil.az

2Mənbələr