AZ

Dayanıqlılıqla bağlı “Torpaq Sağlamlığı” adlı konfrans

COP29 Beynəlxalq Konfransı çərçivəsində GP Cotton Holdinqs şirkəti pambıqçılıq sahəsi üçüm mühüm olan "Torpaq Sağlamlığı" mövzusunda konfrans təşkil edib. Bu tədbir zamanı torpaq resurslarının qorunması və davamlı idarə olunması mövzusunda geniş müzakirələr aparılıb. Konfransda yerli və beynəlxalq ekspertlər, fermerlər, elmi araşdırma mərkəzlərinin nümayəndələri və hökumət rəsmiləri iştirak etiblər.

“Torpağın sağlamlığı” konfransında GP Cotton Holdings şirkətinin direktoru Riçard Morqan, Prime Cotton şirkətinin baş icraçı direktoru Rövşən Məhmudov, Emerging Ag şirkətinin prezidenti Robynne Anderson, OCP Group şirkətinin baş innovasiya mütəxəssisi Dr. Leonardus Vergutz, CIFOR – ICRAF Torpaq və Ərazi Sağlamlığı üzrə Qlobal Tədqiqat təşkilatının rəhbəri Dr. Leigh Ann Winowiecki və FAO Avropa və Mərkəzi Asiya Regional Ofisinin Təbiət Resursları Mütəxəssisi Cermi Şlikkenrieder çıxış ediblər.

Konfransın əsas məqsədi torpağın sağlamlığının bərpası, məhsuldarlığın artırılması və ekoloji davamlılığın təmin edilməsi üçün ən yaxşı təcrübələrin müzakirəsi idi. Tədbirdə çıxış edən mütəxəssislər torpaq eroziyası, kimyəvi maddələrin həddindən artıq istifadəsi və qeyri-davamlı əkinçilik üsullarının mənfi təsirlərinə diqqət çəkdilər.

GP Cotton Holdings şirkətinin direktoru Riçard Morqan tədbirdə çıxış edərək qeyd etdi ki, "Pambıq istehsalında torpaq sağlamlığı çox önəmlidir, çünki bu, məhsuldarlığa böyük təsir göstərir. GP Cotton olaraq biz daim torpaq sağlamlığını düşünür və torpaqlarımızı sağlam saxlamaq üçün innovativ həll yolları axtarırıq."

Prime Cotton şirkətinin baş İiraçı direktoru Rövşən Məhmudov isə konfransda çıxış edərək Prime Cotton-da torpağın sağlamlığını qorumaq üçün innovativ həllər tətbiq edilir. “Biz torpaq sağlamlığı göstəricilərini monitorinq etməklə yanaşı, öz torpaqlarımızda və tərəfdaş fermerlərin sahələrində əkin rotasiyasını tətbiq edirik. Fermerlər üçün əkin rotasiyasını cəlbedici etmək məqsədilə hökumət və üçüncü tərəflərlə birlikdə rotasiya edilmiş məhsulların alınmasına dəstək göstəririk," deyə o, bildirib.

Konfrans çərçivəsində bir neçə panel müzakirəsi və təqdimat keçirildi. Xüsusilə, "Torpağın Reabilitasiyasında Yeni Texnologiyalar", "Dayanıqlı Əkinçilik Strategiyaları" və "İqlim Dəyişikliklərinin Torpağa Təsiri" kimi mövzular geniş maraq doğurdu. Tədbirdə həmçinin innovativ həllərin tətbiqi ilə bağlı uğurlu təcrübələr paylaşılaraq, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün zəmin yaradıldı.

Sonda iştirakçılar torpaq sağlamlığının bərpası və onun qorunması üçün ortaq səylərin vacibliyini vurğuladılar. Konfransın yekununda bu sahədə gələcək əməkdaşlıqları təşviq etmək üçün bir sıra tövsiyələr qəbul edildi.

Bu tədbir Azərbaycan və beynəlxalq ictimaiyyət arasında torpaq resurslarının qorunması ilə bağlı yeni perspektivlər açmaqla yanaşı, dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verdi.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
41
1
ikisahil.az

2Mənbələr