AZ

Kommunal xidmətlər bahalaşır? – Tezliklə istilik sistemi “əl yandıracaq”

Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı “Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını bildirib. O qeyd edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır: “Böyük zərər əmələ gəlir”.

Nazir əlavə edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. “Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir”.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas müzakirə olunmalı nüans kommunal sahələrin effektiv idarə edilməməsidir:

“Əlbəttə, büdcə müzakirələrində kommunal xidmətlərin ziyanla işləməsi ilə bağlı açıqlamalar belə bir fikir yaradır ki, yaxın zamanlarda qiymət artımı ilə bağlı qərarlar ola bilər. Amma nədənsə hər dəfə oxşar məsələlər müzakirəyə çıxarılanda həmin kommunal sahənin effektiv idarə edilməsi yox, məhz borc məsələsi, yaxud qeyri-rentabelli fəaliyyət önə çıxarılır. Lakin heç vaxt müzakirə olunmur ki, bu sahə niyə qeyri-rentabellidir?”

Ekspertin fikrincə, bununla bağlı ciddi araşdırmalara ehtiyac var:

“Məncə, kommunal xidmətlərin qeyri-rentabelli fəaliyyətinin əsas səbəbi izafi xərclərdir. Təmir məsələsi və s. kifayət qədər şişirdilir və nəticə etibarı ilə rentabellilik aşağı düşür. Ona görə də, bu sahədə yeni yanaşmaya ehtiyac var. Yəni məsələnin kökünə enmək lazımdır.

Ümumiyyətlə, audit araşdırması aparılmalıdır ki, Azərbaycanda niyə məhz kommunal xidmətlər, qiymətlərin aşağı olmasına baxmayaraq, ziyanla işləyir. Bu məsələdə səmərəli araşdırma ilə nəticələr əldə edilməzsə, təəssüf ki, qiymət artımı qaçılmaz olacaq”.

Seçilən
7
8
moderator.az

10Mənbələr