AZ

Qələbələr və Zəfərlər Partiyası - Yeni Azərbaycan Partiyası



Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu. Yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 21 oktyabr 1992-ci ildə Naxçıvanda ümummilli liderimiz Heydər Əliyev sədr seçilməklə Yeni Azərbaycan Partiyası yaradıldı.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Buna görə də 32 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı.
Əslində, Yeni Azərbaycan Partiyasının 32 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilatdır. Bütün qazanılan nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər.
Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Seçilən
7
aia.az

1Mənbələr