AZ

İranda təbii qaz böhranı Təbrizdə çirkli hava şəraitinin davam etməsinə səbəb olub

Təbriz şəhərində havanın çirklənməsi qısa müddət müvəqqəti olaraq bir yaxşılaşma dövründən sonra yenidən həssas qruplar üçün təhlükəli elan edilib və çirklilik vəziyyəti hələ də davam edir.

Ətraf mühitin mühafizəsi idarəsinin Hava Keyfiyyəti Monitorinq Mərkəzinin məlumatına görə, Təbrizin müxtəlif məhəllələrində hava keyfiyyəti göstəriciləri Abresan məhəlləsində 117, Bağşimalda 142, Namaz meydanında 122 və Mərmər Hotel stansiyasında 129 rəqəmlərini göstərir. Bu rəqəmlər həssas qruplar üçün təhlükəli hava şəraitini göstərir.

Hava Keyfiyyəti İndeksinə görə, 0-50 təmiz, 51-100 məqbul, 101-150 isə həssas qruplar üçün təhlükəli kimi qəbul edilir. Göstəricilər 150 səviyyəsinə çatdıqdan sonra hava şəraiti bütün qruplar üçün təhlükəli hesab edilir.

İRNA xəbər agentliyinin məlumatına görə, Təbrizdə hava bu ay noyabrın 1, 2, 10, 11, 15, 16-sı və bu gün həssas qruplar üçün təhlükəli vəziyyətdə olub. Bu vəziyyət ardıcıl üçüncü gündür davam edir və tənəffüs və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün açıq havada hərəkət etmək təhlükəli ola bilər. 

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Təbriz elektrik stansiyasının elektrik istehsalı üçün mazut yandırması şəhərdə hava keyfiyyətinin pisləşməsinin əsas səbəbidir. Bir təbrizli həkimin bildirdiyinə görə, havanın çirklənməsinin yüksək olduğu günlərdə "xüsusilə ürək və tənəffüs xəstəlikləri olan xəstələrin təcili tibbi yardıma müraciətləri kəskin şəkildə artır və bu, səhiyyə sisteminə ciddi təzyiq göstərir".

Bundan əlavə, Mehr agentliyinin verdiyi xəbərə görə, bir tikinti işçisi də havanın çirklənməsi ilə bağlı şikayətlənərək bildirib ki, "bu havada işləməyə məcburuq. İşləməsək, ailəmizin dolanışığını necə təmin edərik? Amma axşam evə qayıdanda artıq düzgün nəfəs ala bilmirəm."

Belə günlərdə parklarda açıq havada idman tədbirləri ləğv edilir və hava çirkliliyi səbəbindən iqtisadi fəaliyyət azalır.

İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə ölkənin üç şəhərində mazut istifadəsinin dayandırılması qərarına Təbrizin daxil edilməməsi narahatlıqlar və tənqidlərə səbəb olub. Bununla yanaşı, hava çirkliliyi ölkənin bəzi böyük şəhərlərində, o cümlədən paytaxtda bütün qruplar üçün təhlükəli səviyyəyə çatıb. 

Son illərdə ölkədə təbii qaz çatışmazlığı böhranı havanın çirklənməsi ilə bağlı vəziyyətin daha da pisləşmsinə səbəb olub. Soyuq fəsillərdə elektrik stansiyaları qaz çatışmazlığı səbəbindən yüksək kükürdlü mazut yandırmağa məcbur olur ki, bu da havanın çirklənmə səviyyəsini artırır. Şəhər sakinləri mazut yanması nəticəsində təngnəfəslik və digər problemlərdən şikayətlənir.

İran təbii qaz ehtiyatları baxımından dünya üzrə ikinci yeri tutsa da, son illər təbii qaz böhranı ilə üzləşib. Təbii qazın təxminən 74%-nin təmin olunduğu Cənubi Pars yatağında təzyiqin azalması, daxili istehlakın artması və sanksiyalar səbəbindən kifayət qədər investisiyanın edilməməsi bu problemin əsas səbəbləridir.

Hesabatlara görə, 2022-ci ildə istehsal və istehlak edilmiş təbii qaz üzrə nisbət orta hesabla gündə 160 milyon kubmetr təşkil edib ki, bu rəqəm 2023-cü ildə gündə 315 milyon kubmetrə yüksəlib. İran Milli Qaz Şirkətinin müavini Səid Təvəkküli bəyan edib ki, bu ilin qışında bu rəqəmin gündə 250-300 milyon kubmetr arasında olacağı proqnozlaşdırılır.

Bu problemlərə baxmayaraq, bərpa olunan enerji mənbələrinin inkişafı üçün nəzərəçarpacaq tədbirlər görülməyib və mazutdan hələ də elektrik stansiyalarında əsas alternativ yanacaq kimi istifadə edilir.

visiontv.az



Seçilən
53
50
visiontv.az

10Mənbələr