AZ

"Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ

"1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan hökumətinin və dövlətinin rəsmiləri, o cümlədən jurnalistlər, Rusiya-Qazaxıstan sülhyaratma missiyasının üzvləri olan 22 nəfər şəxs faciəli şəkildə həlak oldu. Həmin hadisədən 33 il keçib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, 1991-ci il Sovetlər birliyi yenicə dağılmışdı, bəzi müstəqillik əldə etmiş ölkələr lazımlı şəkildə öz ordularını qurmamışdılar: "Erməni hərbi birləşmələri dedikdə onlara dəstək olan muzdlu ruslar, qazaxlar, belaruslar, keçmiş SSRİ məkanında olan bir sıra ölkələrin hərbiçiləri nəzərdə tutulurdu, onlar ermənilərə lobbilərin verdiyi pul hesabına çox böyük dəstək olurdular. Biz bunu zamanla həm Xocalı faciəsində, 366-cı Rusiya alayının komandiri, hansı ki, bu gün də Rusiyada yaşayır, "Quşçular", "Başlıbel", digər faciələrdə yaşamışdıq. Həmin faciəli şəkildə qətlə yetirilən 22 nəfərin arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, Azərbaycanın baş prokuroru İsmət Qayıbov, Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, Azərbaycanın baş nazirinin müavini Zülfü Hacıyev, Milli Məclisin iki deputatı Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Qurban Namazəliyev, o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayətinin prokuroru və digərləri var idi. Ən əsası da bizim həmkarlarımız, Azərbaycan televiziyasının əməkdaşları Arif Hüseynzadə və Fəxrəddin Şahbazov da həmin vertolyotda, "1008" hərbi helikopterində həlak oldular. Bu, böyük faciə idi. Bir az da vəziyyəti gərginləşdirmək üçün ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən düşünülmüş addım idi.

Böyük terror hadisəsini təkcə Qarabağda deyil, Bakı metrosunda, Bakıdakı avtobus marşrutlarında da gördük. Yaxşı xatırlayıram ki, 106 saylı marşrut avtobusu, o cümlədən rayondan Bakıya gələn avtobus Yevlax rayonu yaxınlığında partladıldı. Bu cür terror hadisələrinin sayı-hesabı yoxdur".

Onun sözlərinə görə, şükürlər olsun ki, artıq 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə düşmənin və ona havadarlıq edən məlum qüvvələrin arzularını ürəklərində qoyduq. Seperatizmin kökünü kəsdik. 2023-cü ilin antiterror tədbirləri ilə bu proses tam yekunlaşdı. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri həyata keçirir. Azərbaycan insanları Şuşa, Xankəndi, Laçın, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl ərazilərinə köçürülür.

Bu gün müstəqillik tariximizin elə bir dönəmidir ki, hələ də bu qələbəni həzm etməyən müəyyən qüvvələr var. Onlar çalışırlar ki, yenə də suyu bulandırsınlar, yenə də bölgədə gərginlik yaratsınlar. Amma 33 il ərzində biz kifayət qədər işlər görmüşük, kifayət qədər müdafiə və təhlükəsizliklə bağlı addımlar atmışıq. 2025-ci ilin müdafiə və təhlükəsizlik xərcləri 2 milyard manata yaxın artırılıb. Bu da səbəbsiz deyil. Ona görə ki, Ermənistanı yaxın və uzaq ölkələr- Rusiya, Fransa, Amerika, Yunanıstan, Cənubi Koreya və digərləri silahlandırır. Qarşıdakı illərdə Ermənistan rəhbərliyində təmsil olunan revanşist qüvvələr çalışacaqlar ki, yenə də silahlı çatışma olsun, onlar da müəyyən məqsədlərinə nail olsunlar. Hesab edirəm ki, bu onlarda alınmayacaq, ona görə ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan ordusu gündən-günə daha da güclənir, yeni silahlar alınır, artıq hərbi hava qüvvələri, İtaliya, Pakistan, qardaş Türkiyədən xeyli texnika və avadanlıqlar əldə olunur. Ona görə də, ümid edirəm ki, ordumuzun müdafiə və döyüş qabiliyyəti bundan sonra da dəfələrlə kəmiyyət baxımından xeyli yaxşılaşacaq və uğurlarımız daha da bol olacaq".

Müəllif: Söylü Ağazadə
Seçilən
38
1
sia.az

2Mənbələr