AZ

Mehmet Ali Erbil nədə ittiham olunur? — İddianamə açıqlandı (FOTOLAR)

Türkiyəli məşhur Mehmet Ali Erbilin qanunsuz mərc reklamı və təşviq etmək ittihamı ilə bağlı 3 ilə qədər həbs cəzası tələb olunur. 

Demokrat.az
xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, Erbilin videolarda geyindiyi köynəkdəki ifadələrin mərc reklamı olduğunu anlamadığı barədə ifadəsinə də yer verilib.

İddianaməyə görə, Mehmet Ali Erbilin qanunsuz mərc və qumar xarakterli videolarda iştirakı, xüsusən də gənclər və uşaqlar arasında asan qazanc əldə etmək arzusunu artırdığı iddia edilir. Qeyd olunur ki, həmin mərc saytları və tətbiqlər yalnız Türkiyə Gənclər və İdman Nazirliyi "Spor Toto" Təşkilat Başqanlığından icazə alanlar arasında yer almır və qanunsuz fəaliyyət göstərir.

Erbilin prokurorluğa verdiyi ifadəyə də iddianamədə yer ayrılıb. O bildirib ki, Serdar Ortaçla birlikdə Barış adlı ortaq dostlarının dəvəti ilə Maltada bir otelin açılışında iştirak edib:

"Stand-up şou formatında bir studiya hazırlamışdılar. Oraya dəvət edildik və çəkim etməyə çalışdılar. Otel sahibi mənə bir köynək geyindirmək istədi. Köynəyin mərc reklamı olduğunu sonradan öyrəndim və buna qarşı çıxdım. Sözügedən videolarda "qumar çox zərərlidir, mən heç vaxt oynamamışam" kimi ifadələrim yer alıb. Bu videolarda iştirakıma görə heç bir maddi gəlir əldə etməmişəm. Hər şey zarafat mühitində baş verib. Lakin bizi bu hadisə ilə tələyə salmağa çalışıblar. Köynəkdə yazılanların mərc reklamı olduğunun fərqinə varmadım. O tip saytlarda heç vaxt mərc və ya qumar oynamamışam. Orada qonaq olduğum üçün vəziyyəti pozmadım. Anı olaraq çəkilən bir video idi, yayımlanması məqsədilə çəkilməmişdi".

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, Mehmet Ali Erbilin ifadələrində göstərilən bəzi məqamların inandırıcı olmadığı vurğulanıb.

Prokurorluq Erbilin media sektorundakı tanınmışlığı nəzərə alınaraq, şəxsi fayda güdmədən, tanımadığı və dostluq əlaqələri olmayan şəxslərin hər dəvətinə qatılmasının gözlənilə bilməyəcəyini qeyd edib. Erbilin Maltaya gedərək burada ağırlanması belə, maddi mənfəət çərçivəsində qiymətləndirilib.

İddianamədə qeyd olunub ki, sözügedən videonun çəkildiyi mühitin tamamilə təhlükəsiz olduğu, hər hansı bir təzyiq və ya məcburiyyətin olmadığı aydın görünür. Əgər Erbilin iddiaları həqiqət olsa belə, həmin vaxt Malta hüquq-mühafizə orqanlarına və ya Türkiyə Respublikasının səfirliyinə müraciət edərək kömək istəməsi mümkün olduğu halda, bu addımın atılmadığı vurğulanıb. Bununla yanaşı, Erbilin ölkəyə qayıtdıqdan və ifadəsinin alındığı tarixədək heç bir hüquqi müraciət etmədiyi də iddianamədə yer alıb.





Jalə
Demokrat.az
Seçilən
25
demokrat.az

1Mənbələr