“İran konstitusiyasına əsasən, ali rəhbər Dini Ekspertlər Şurası tərəfindən seçilir. Dini Ekspertlər Şurası isə ümumxalq səsverməsi ilə müəyyən olunur. İndiki şura Ayətullah Seyid Əli Xameneinin adamlarından, yəni mühafizəkar xətt nümayəndələrindən ibarətdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.
Analitik İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin varisi ilə bağlı son günlər yayılan informasiyalara münasibət bildirib.
Onun sözlərinə görə, bu baxımdan, perspektivdə elə ehtimal etmək olar ki, post-Xamenei dövründə Xameneinin varis elan etdiyi, yaxud edəcəyi şəxsi bu şura təsdiqləyə bilər:
“Amma Xamenei ilə gələcək ali rəhbəri arasında fərq var. Xamenei 1989-cu il iyunun 4-dən bu vəzifədədir, yəni Ruhullah Xomeyni ölən gündən. Bu vaxta qədər isə Xamenei 1981-ci ildən 1989-cu ilə qədər İranın prezident olub. O həm də terrora məruz qalıb və sağ qolu iflicdir. Xamenei həm də avtoritet totalitardır və onu ölkənin bütün güc strukturları, xüsusən İnqilab Keşikçiləri Qvardiyası – SEPAH, ordu, təhlükəsizlik qurumları, parlament, prezident və məhkəmə sistemi dəstəkləyir. Bu baxımdan, ölkədə Xamenei nüfuzlu ola biləcək ikinci bir şəxs hələ ki yoxdur. Yeni şəxsin yetişməsi, təbliğ olunması isə müəyyən vaxt apara bilər”.
S. Soltana görə, İranda post-Xamenei dövrünə hazırlıq məsələsi də mövcuddur:
“Bunu həm İran cəmiyyəti, həm də xaricdəki diaspor düşünür. Məsələn, Məhəmməd Rza şahın oğlu Rza Pəhləvi keçid hökumətini qurmağa və idarə etməyə hazır olduğunu bəyan edib. Yaxud İranda sabiq prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani kimi fiqurlar da Xameneinin yerinə iddiaçı ola bilərlər. Amma Həsən Ruhaninin bu il martın 1-də Dini Ekspertlər Şurasına keçirilən seçkidə namizədliyi qeydiyyata alınmadı. Deməli, hakimiyyətdaxili islahatçı adlanan xətt Dini Ekspertlər Şurasında yoxdur və hakimiyyət, ordu və SEPAH bütövlükdə mühafizəkar xəttin nəzarəti altındadır”.
“Odur ki, perspektivdə ordu, daha çox isə SEPAH hansı namizədi müdafiə edərsə, o da Xameneidən sonra İranın ali rəhbəri ola bilər. Onların arasında daha çox şanslı olan indiki ali rəhbərinin oğlu Müctəba Xamenei sayılır. Hətta deyilənə görə, Xameneinin tapşırıqlarına nəzarəti də o, həyata keçirir. Bütün bunların hamısı İran üçün yenilik olmayacaq, lakin İran cəmiyyəti isə yenilik istəyir. Ona görə də İran üçün konstitusiyanın dəyişilməsi və konstitusiyada köklü islahatların aparılması bu yenilənmə üçün vacib, həm də region üçün çox əhəmiyyətlidir”, – deyə o, əlavə edib.
Siyasi ekspert onu da söyləyib ki, bu baxımdan, ali rəhbərinin daşıdığı vəzifə və funksiyalar digərləri – ali qanunverici, ali icraedici və məhkəmə sistemi arasında islahatlar aparılırsa, bölünməlidir:
“İndiki şəraitdə Xamenei bütün bu üç qurumun üst qurumu və ölkədə hakimi-mütləqdir. Yəni onun səlahiyyətləri şahın səlahiyyətlərindən elə də fərqlənmir. Şahın da sarayı, əyanları, Məsləhət Şurası deyilən qurumu, saxta parlamenti vardı və onlarla məsləhətləşərdi. Ona görə də “İran üçün Xameneidən sonrakı dövr necə olacaq, Xameneiyə varis kim olacaq” suallarından daha çox diqqətçəkən əsas məsələ İranın gələcəyi, onun gələcək idarə edilməsi forması və gələcək konstitusiyasıdır. Bu, İranın gələcəyi və region üçün daha önəmlidir və daha maraqlıdır”.
Rafi Müslümov