16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.
21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə "91-lər" olaraq düşüb.
Modern.az saytı Yeni Azərbaycanın Partiyasının 32-ci ildönümü ərəfəsində "91-lər"in nümayəndəsi, eks-deputat Şahlar Əsgərov və YAP-ın Milli Məclisdəki ən gənc deputatı Mahir Süleymanlı ilə həmsöhbət olub.
Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb:
“O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümumilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş "91-lər"in 6 nəfəri akademikdir, aralarında onlarla professor var”.
Ş.Əsgərovun sözlərinə görə, bu gün "91-lər"lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var:
“O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: “Azərbaycan sizin sözünüzü gözləyir”. Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı "91-lər" götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev "91-lər"in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.
"91-lər" Heydər Əliyevi təmənnasız müdafiə ediblər. "91-lər"in fəaliyyətinin təməlində təmənnəsızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə, gənclərlə görüş əhəmiyyətlidir”.
Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil:
“Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, "91-lər"in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır”.
YAP-ın ən gənc deputatı Mahir Süleymanlı bildirib ki, 32 il əvvəl çox çətin bir vaxtda, "91-lər"in Ulu öndərə müraciəti əsasında YAP təsis edilmiş, Heydər Əliyev sədr seçilmişdi:
“O dövrdə ölkədə vəziyyət çox pis idi, siyasi təcrübəsi olmayan insanlar hakimiyyətə gəlmişdilər, hərc-mərclik hökm sürürdü, idarəolunmaz vəziyyət yaranmışdı. Belə bir vəziyyətdə Ulu öndər 1992-ci ilin 21 noyabrında Yeni Azərbaycan Partiyasını yaratdı. Növbəti prezident seçkilərində, yəni 1993-cü ilin oktyabrında Azərbaycanın dövlət başçısı seçildi. Bundan sonra ölkənin həyatında yeni bir mərhələ başladı, iqtisadiyyatımız inkişaf etdi, "Əsrin müqaviləsi" imzalandı və Ulu öndərimiz Azərbaycanı daha da uğurlu gələcəyə gətirib çıxardı”.
Deputatın sözlərinə görə, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir:
“YAP-ın sədri kimi cənab İlham Əliyev partiyanın işinin yaxşılaşmasına diqqət yetirir, gənclərə önəm verir. İlham Əliyev həm ölkəmizin Prezidenti, həm də YAP-ın sədri kimi çox uğurlu işlər görür. Biz də partiyamızın veteranlarını unutmamalı, onlara hər zaman diqqət və qayğı göstərməliyik. Biz partiyamızın qurucularından daim nələrsə öyrənməliyik. Bu gün partiyamızın rəhbər strukturlarında, yerli təşkilatlara rəhbərlik edən kadrlar arasında çox uğurlu olanlar var. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı da uğurla fəaliyyət göstərir. Bu da cənab Prezidentin seçdiyi kadrların səmərəli işindən irəli gəlir”.