AZ

Yeni Azərbaycan Partiyası: Xalqın arzu və istəklərinin ifadəsi

Regionun ən nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 32 il əvvəl Azərbaycan tarixinin son dərəcə ağır, ölkədə gedən proseslərin idarəolunmaz xarakter aldığı bir vaxtda yaradıldı. Prezident İlham Əliyev o zamanki vəziyyət barədə qeyd etmişdir: “Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur”. Belə mürəkkəb dövrdə Azərbaycanın görkəmli ziyalılarının imzaladığı müraciətdə (“91-lərin müraciəti”) Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Ümummilli Lider Heydər Əliyev isə 91 nəfər ziyalının müraciətinə cavab olaraq demişdir ki, “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvanda müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası təsis edildi. Bu, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında yeni mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi, bununla da Azərbaycanın düşdüyü ağır böhrandan çıxma prosesi başladı. Xarici və daxili təxribatların aradan qaldırılması ilə ölkədə sabitlik yarandı, insanların gələcəyə inamı bərpa olundu.

Yeni Azərbaycan Partiyasının bütün nailiyyətləri, Azərbaycan xalqının və dövlətinin inkişafına töhfə verdi. Bu günün reallıqlarına baxdıqda əmin oluruq ki, əgər o dövrdə Yeni Azərbaycan Partiyası yaranmasaydı, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan müstəqil ölkə ola bilməzdi. Siyasi-iqtisadi islahatlar, həyata keçirilən müdrik siyasət Azərbaycana böyük uğur gətirdi. Nəticədə, iqtisadiyyatın dinamik inkişafı Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün etdi. Davamlı və genişmiqyaslı islahatların nəticəsidir ki, bu gün Cənubi Qafqazın iqtisadiyyatının təqribən üçdə iki hissəsi Azərbaycan iqtisadiyyatının payına düşür.  

Sosial ədalət və insan amili hakim partiyanın əsas prioritetlərindən biridir. Əldə olunan gəlirlər sosial islahatların icrasına yönəldilir. Fəal məşğulluq tədbirləri həyata keçirilir, yeni istehsal sahələri yaradılır və iş yerlərinin sayı artırılır.

Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətin inkişafında ciddi siyasi qərarların qəbulu prosesində öndə gedir. Ötən illər ərzində həyata keçirilən uğurlu neft strategiyası ölkənin iqtisadi potensialını və valyuta ehtiyatlarını artırmışdır. Ordu quruculuğu sahəsində atılan mühüm addımlar Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşmasına, nəhayət, tarixi Zəfərə imkan açdı.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini əsaslı dəyişdi. Azərbaycan öz gücü hesabına 30 illik işğala son qoyaraq, öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Təsadüfi deyil ki, Böyük Qayıdış Proqramı, həm də hakim partiyanın 11 strateji hədəfləri sırasındadır.

Bu illər ərzində Azərbaycan sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilmişdir. Zəngin neft-qaz ölkəsi olmasına baxmayaraq, Azərbaycan alternativ enerji mənbələrini də inkişaf etdirir, “yaşıl enerji”yə keçid prosesi uğurla reallaşdırır. COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək isə ölkəmizə dünya miqyasında göstərilən etimadın göstəricisidir.

Yeni Azərbaycan Partiyasının gücü onun təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsindədir. 700 mindən çox üzvü özündə birləşdirən YAP-ın əsas amalı Vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini təşviq edir.

Bir sözlə, bu illər ərzində böyük siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Nigar Məmmədova,
Milli Məclisin deputatı

Seçilən
22
2
ikisahil.az

3Mənbələr